Qorxunc statistika: Qadınlarda son 10 ildə sonsuzluq artıb

Qorxunc statistika: Qadınlarda son 10 ildə sonsuzluq artıb
Cinsəl sağlamlıq
10.09.2017 17
Ginekoloq: "Sonsuzluq artıb, süni mayalanmaların 60-70 faizi baş tutmur”
 
"Qadınlar arasında sonsuzluq halları artıb. Son 10 ildə əvvəlki
illərlə müqayisədə bu problem daha qabarıq şəkildə özünü göstərir.
Sonsuzluq daha çox endokrinoloji, yəni hormon pozğunluğu problemi ilə
bağlıdır”.
 
Bu barədə ginekoloq, Azərbaycan Tibb Universitetinin
mamalıq ginekologiya kafedrasının dissertantı Səidə Cəfərova bildirib.
Onun sözlərinə görə, sonsuzluq həm qadın, həm də kişi mənşəli olur:
"Yəni bu, həm qadın xəstəlikləri, həm də kişi faktoru ilə bağlı ola
bilər. Qadınla bağlı sonsuzluq neyrohumoral, endokrinoloji pozğunluq və
boru faktorları nəticəsində ola bilir. Boru faktoru həm infeksiya, həm
də keçirilmiş əməliyyatlar nəticəsində əmələ gələn bitişmələrdən olur.
Bu səbəbdən əmələ gələn sonsuzluğu laparoskopik əməliyyat yollu ilə
açmaq mümkündür. Bu baxımdan xəstə güclü infeksiyalara görə analiz
olunmalıdır. Bilmək lazımdır ki, hansı güclü infeksiya fonunda boru
keçiciliyi tutulub. Bundan sonra həmin infeksiyalara görə müalicə təyin
edilməli, müalicədən sonra isə boruların keçiciliyini bərpa etmək
lazımdır”.
 
Ginekoloq bildirib ki, sonsuzluğa qarşı təyin edilən müalicələr
nəticə vermədikdə laparoskopik əməliyyat yolu seçilir: "Bu yolla həm
bitişmələr ayrılır, həm də borunun keçiriciliyi bərpa edilə bilir. Bu
üsulların heç biri nəticə vermirsə, deməli, təbii mayalanmadan söhbət
gedə bilməz, qadında süni mayalama həyata keçirmək lazımdır”.
 
Endokrinoloji faktorlardan danışan S.Cəfərova qeyd edib ki, bu
səbəbdən asılı olan sonsuzluqda əsas rolu qalxanvarı vəz oynayır.
Qalxanvari vəzin funksiyasının pozğunluğu nəticəsində hormonal
dəyişikliklər baş verir və bu zaman triyod hormonlar qalxır: "Bu
hormonun qalxması digər ginekoloji hormonların pozulmasına gətirib
çıxarır. Qadında kişi hormonları artır. Endokrinoloji faktorlar əsasən,
sinir sistemi və qidalanma ilə bağlı olur. Ana olmağa hazırlaşan
qadınlarda sinir sistemi sakit olmalıdır. Bundan başqa qalxanvari
vəzinin profilaktik yoxlanılması həyata keçirilməlidir. Bizə müraciət
edən qadınların 70 faizində demək olar ki, qalxanvari vəzində problem,
ya da polikistoz var. Bunun səbəbi, 12-13 yaşlarda, sklin başlanması
dövründə, yaranan problemlərlə bağlı həkimə müraciət etməməkdir. Bu, ən
çox da rayon əhalisində müşahidə olunur, nədənsə, qız uşaqlarını həkimə
gətirməkdən çəkinirlər. Şəhər əhalisi nisbətən aktivdir. Disfunksiyalar
zaman keçdikcə daha ağırlaşmalar əmələ gətirir. Ana olmağa hazırlaşan
qadınlar həm ginekoloji yoxlamadan keçməli, həm də qalxanvari vəzini
yoxlatmalıdır”.
 
S.Cəfərova bu problemlərdən çıxış yolu kimi qadınların tələsərək süni
mayalanmalara üstünlük verməsini düzgün hesab etmir: "Qadınlar
müalicədən nəticə görməyən kimi tez süni mayalanmaya gedirlər. Amma
onlar anlamırlar ki, əgər təbii mayalanma alnmırsa, deməli, buna səbəb
olan hansısa faktorlar var. Süni mayalama zamanı da həmin problemlər
hamiləliyin inkişafına mane olacaq. Elə buna görədir ki, süni
mayalanmaların 60-70 faizi baş tutmur. Hamiləlik ya inkişafdan qalır, ya
da düşüklər baş verir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!