Kişilərin sonsuzluq problemi qadınları üstələyib

Kişilərin sonsuzluq problemi qadınları üstələyib
Cinsəl sağlamlıq
10.09.2017 10
Mahirə İsmayılova: "İstərdik ki, qadınlarımız 38-40 yaşlarına qədər doğuşu başa vursunlar”

"Ginekologiya son onillikdə müxtəlif istiqamətlərdə inkişaf etməyə başlayıb. Qadınların problemini ilk dinləyən və müdaxilə edə bilən də ginekoloqlardır. Qadınlar çox vaxt ginekoloqlara həmçinin evdə, ailədə olan sosial-psixoloji problemləri ilə bağlı müraciət edirlər. Ginekoloqun da boynuna düşür ki, onun dərdini dərindən araşdırıb problemi ortaya çıxarsın”. Bu sözlərin müəllifi - Mərkəzi Klinik Xəstəxananın Qadın Mərkəzinin müdiri, mama-ginekoloq Mahirə İsmayılova "Kaspi”yə müsahibəsində qadınların təbii yolla uşaq dünyaya gətirməsinin tərəfdarı olduğunu bildirdi.



Kişi sonsuzluğunun müalicəsi



- Belə bir fikir var: tibb sahəsində qadınlara daha yaxın olan ginekoloqlardır. Təkcə ona görə ki, onlar qadınların sağlam doğuşlarında və dünyaya uşaq gətirmə prosesində yaxından iştirak edirlər?



- Bu fikir tamamilə doğrudur. Bizim pasiyentlərin hamısı qadınlardır. Biz sonsuzluq problemi ilə məşğul olduğumuza görə, çox vaxt qadınları tək deyil, həyat yoldaşları ilə birgə qəbul edib söhbət aparırıq. Həmçinin qadınların vasitəsilə bir az kişilərin problemlərini də dinləyirik. Bilirsiniz ki, həkimlərin payına təkcə tibbi xidmət, müalicə və müayinə işinin aparılması və əməliyyat prosesi düşmür. Həkimlər eyni zamanda psixoloqdurlar və öz pasiyentlərinin dostudurlar. Uzun illik iş təcrübəmdən deyə bilərəm ki, xəstələrimizi qəbul etdikdə təkcə onların tibbi tərəflərini deyil, həmçinin sosial və psixoloji problemlərini dinləyirik. Əgər qadının ginekologiyadan ayrıca bir problemi də varsa, onlar bunu ilk növbədə ginekoloqlarına deyirlər. Bilirsiniz ki, sonsuzluqdan əziyyət çəkən ailələrdə qadınlara bəzən ailə, bəzən də cəmiyyət tərəfindən təzyiq olunur. Onlar bəzən həmin problemləri kiminləsə bölüşə bilmirlər. Azərbaycanda psixoloji dəstək son illər fəaliyyətdədir və hələ də istənilən inkişaf səviyyəsinə çatmayıb. Ona görə də qadınlar həmin problemlərini, hisslərini bölüşə biləcək insan tapırlarsa, o da onların ginekoloqlarıdır. Düzdür, ginekoloqların arasında kişi həkimlər də var. Ancaq mənə elə gəlir ki, qadınları daha yaxından anlayan, onlara daha düzgün istiqamət verən, onları daha dəqiq müayinə və müalicə edən qadın ginekoloqlardır. Çünki biz qadın olaraq onları daha yaxşı anlayırıq.



- Müasir dünyada sonsuzluq problemi daha tez həllini tapmaqdadır. Bizim ölkəmizdə, o cümlədən Mərkəzi Klinik Xəstəxanada da problemin həlli üçün süni mayalanma əməliyyatları həyata keçirilir. Belə demək olarmı ki, sonsuzluğun tam aradan qalxacağı gün çox da uzaqda deyil?

- Kişi və qadınların həyatda vəzifəsi öz gələcəklərini yaşatmaq üçün dünyaya insan gətirmələri, reproduktiv funksiyaya malik olmalarıdır - bizim ümdə vəzifəmiz budur. Sonsuzluq insanın yaranışından bəri mövcud olan problemdir. Problemin mövcud müalicəsi də süni mayalanmadır. Artıq bu müalicə 10 ildir ki, Azərbaycanda mövcuddur. 2004-cü ildə ilk dəfə olaraq Mərkəzi Klinikada süni mayalanma həyata keçirilib. Süni mayalanma nəticəsində bizim klinikada yüzlərlə uşaq dünyaya gəlib. Bu gün Azərbaycanda süni mayalanmanın həyata keçirilməsi onu göstərir ki, ölkə səhiyyəsində inkişaf gedir. Çünki bu əməliyyat zamanı istifadə olunan xüsusi avadanlıqlar dünya ölkələrindəki səviyyədədir. Dünyada cütlüklərin 15-20 faizi sonsuzluq problemi ilə üzləşir. Son 10 illikdə isə problemdə kişi faktoru çox artıb. Məsələn, əvvəllər sonsuzluğun səbəblərini araşdıranda 40 faiz kişilərə, 40 faiz qadınlara, 20 faiz hər iki cütlüyə aid idisə, 20 faizinin də səbəbi bilinməzdi. İndi isə kişilərin sonsuzluq problemi qadınları üstələyib. Bu bizi daha çox narahat edir. Çünki kişi sonsuzluğunun müalicəsi hətta süni mayalanma ilə belə daha çətindir.



Bahalı əməliyyat



- Süni mayalanmanın əsasən hansı yaş dövründə həyata keçirilməsi məsləhətdir?

- Ümumiyyətlə, qadının reproduktiv bir dövrü var. Biz istərdik ki, qadınlarımız ən yaxşı halda 35 yaşa qədər, ya da 38-40 yaşlarına qədər doğuşu başa vursunlar. Qadın cavan qala, 50-60 yaşında çox gözəl görünə bilər, ancaq onun reproduktiv funksiyası əvvəlki fəaliyyətində olmaz. Qadın yaşa dolduqca onun hamilə qalmaq şansı azalır. Yumurtahüceyrələr qocaldığına görə genetik xəstə uşaqların dünyaya gəlmə riski də artır. Ona görə qadınlarımız çalışmalıdırlar ki, müəyyən yaş dövrünə qədər hamilə qalıb dünyaya uşaq gətirsinlər. Eyni zamanda, bu, süni mayalanmaya da aiddir. Düzdür, bu gün süni mayalanma elə bir inkişaf səviyyəsinə çatıb ki, yumurtahüceyrələrin donasiyası həyata keçirilir. Tutaq ki, qadın həyat yoldaşından ayrılıb, hələ ki, yenidən ailə qurmaq şansı yoxdur, ancaq əmindir ki, nə vaxtsa ailə qura biləcək və o zaman hamilə qala bilməyəcək. Buna görə biz xüsusi dərmanlar vasitəsi ilə qadınlarda yumurtahüceyrələr yetişdirir, onları toplayır və dondurub saxlayırıq. Tutaq ki, qadın bunu 35 yaşına qədər həyata keçirir. Bu yaşdan sonra ailə qurduqda isə o xanım öz dondurulmuş yumurtahüceyrələrindən istifadə edə bilər. Bununla da o qadın genetik olaraq öz övladını dünyaya gətirmək şansı əldə edir. Artıq dünyada bu praktika var və biz iki ildir ki, bunu Azərbaycanda da tətbiq etməyə başlamışıq.



- Ailə qurmaq şansı olmayan qadınlar necə, bu üsuldan istifadə edirlərmi?

- Təbii ki, biz tənha qadınları da süni mayalanma edə bilirik. Bununla bağlı təcrübələrimiz var. Tənha qadınlar bizə müraciət edir və biz bu əməliyyatı həyata keçiririk. Mən bunu hər zaman alqışlayıram. Dünyaya uşaq gətirmək çox önəmlidir. Bunun üçün də bu cür donasiya proqramları var və bunun üçün yaş məhdudiyyəti yoxdur.



- Qiymətlər necə, pasiyentlərə uyğundurmu?

- Süni mayalanma dünyanın hər yerində bahalı əməliyyatdır. Çünki bu əməliyyat zamanı istifadə olunan cihazlar, laboratoriya və dərmanlar bahalıdır. Eyni zamanda, bu sahədə çalışan mütəxəssislərin də yetişdirilməsi baha başa gəlir. Ona görə də dünyanın hər bir yerində bu, bahalı prosedurdur. Mərkəzi Klinika şəhərin digər klinikaları ilə müqayisədə əməliyyatı ən aşağı qiymətlərlə həyata keçirir. Əgər dərmanları nəzərə almasaq, süni mayalanma proseduru 1699 manatdır. Bu gün dərmanlarla, xidmətlə birlikdə əməliyyat 2800-3000 manata başa gəlir. Bu, digər klinikalarda ən azı iki dəfə artıqdır. Bəzən bizə cinsiyyət seçimi ilə də bağlı müraciət edirlər. Biz buna yaxşı baxmırıq. Ancaq onu da deyim ki, bəzən cinsiyyət seçimi ilə də bağlı xəstəliklər olur. Ona görə biz bəzən cinsiyyəti seçmək məcburiyyətində qalırıq.



Bəzən elə problemlər yaranır ki...



- Bu gün uşaq ölümləri ilə bağlı baş verən hadisələrdə daha çox həkimləri günahlandırırlar. Bu fikirlərdə nə qədər həqiqət var?

- Mən həmişə deyirəm ki, mamalıqla məşğul olmaq çox çətin sahədir. Çünki biz iki cana – həm anaya, həm də uşağa görə məsuliyyət daşıyırıq. Tibb sahəsi elə bir elmdir ki, burada statistika var. Hamiləlik fizioloji hal olsa da, onun patoloji tərəfləri də var. Təbabətdə də statistik olaraq həm ana, həm də uşaq ölümü ola bilər. Hamiləlik fizioloji hal olduğu üçün biz həkimlər çalışmalıyıq ki, bu hallarda minimal səviyyəni qoruyaq. Bəzən elə problemlər yaranır ki, onların qarşısında təbabət də aciz olur. Orada həkim səhlənkarlığı da ola bilər. Ancaq hər zaman ona bağlı olmaya da bilər. Məsələn, əgər xəstədə qanaxma olursa və həkim onun öhdəsindən gələ bilmirsə, təbii ki, burada həkimin günahı var. Və ya o müəssisənin yetərincə şəraiti yoxdur ki, o xəstəyə yardım etsin. Uşaqlara gəlincə, bəzən müəyyən xəstəxanalarda yetərincə neonotoloji xidmət olmur. O zaman o uşaqlar itirilir. Mərkəzi Klinikanın neonotoloji bölməsi yüksək səviyyədə çalışır. Bu gün 800 qramlıq uşağı vəziyyətdən çıxarmaq imkanımız var. Burada təkcə söhbət həkimin peşəkarlığından getmir. Xəstəxananın xüsusi tibbi avadanlıqla təchiz olunması və yüksək səviyyəli kadrların olması önəmlidir. Əgər xəstəxana bunları təmin edirsə, o zaman ana və uşaq ölümünün sayını azaltmış olur. Uşaq ölümü də çox minimal olmalıdır. Düzdür, bəzən uşaq elə qüsurlarla doğulur ki, onun həyatda qalması mümkün deyil – bu ayrı məsələdir. Ancaq uşaq 1 kq 200 qram və ya 1 kq doğulursa, "sırf balaca olduğuna görə bu yaşamamalıdır” söhbəti olmamalıdır. Əgər bu səhv ucbatından uşaq itirilirsə, onda müəssisənin və həkimin burada günahı var. Düzgün iş prosesi qurularsa, dünyanın təcrübəsi hər gün tətbiq edilərsə, daha sıx təqib aparılarsa, demək, bu problemi minimizə etmək mümkündür.



"Olum və ya ölüm”



- Zərurət olmadan aparılan qeysəriyyə əməliyyatları qanunla qadağan olunub. Nə üçün qadınlar bəzən bu qadağaları pozmaq istəyirlər?

- Hərdən fikirləşirəm ki, qeysəriyyə və təbii doğuş Şekspirin "Olum və ya ölüm” deyiminə yaxınlaşıb. Biz ginekoloqları çox vaxt qınayırlar ki, qeysəriyyə əməliyyatlarına üstünlük veririk. Tam səmimi deyirəm ki, belə deyil. Hər bir həkim istəyər ki, onun əlindən yaxşı iş çıxsın. Ola bilər ki, həkim bu sırada hiperdiaqnostikaya da yol versin. Deyək ki, qadın doğa da bilərdi, amma həkim hiperdiaqnostikada əməliyyata getmiş oldu. Düzdür, bu ona zərər verməz, yəni sonucda dünyaya uşaq gələcək və qadın da qurtulacaq. Amma bu məsələnin kökünə gəlsək, təbii bir doğuş çox gözəldir. Ona görə də biz həkimlər də fizioloji doğuşa çox üstünlük veririk. Qadın bu prosesi keçirəndə onun analıq hissləri çox yüksək olur. Biz istəyirik ki, qadınlarımız təbii yolla uşaq dünyaya gətirsinlər. Ana ilə uşaq arasında olan reflekslər daha güclü olur. Amma elə hallar olur ki, xəstəni qeysəriyyə əməliyyata etməzsənsə, ya uşaq ölə bilər, ya da ana. Belə olan halda sən təbii ki, qeysəriyyə əməliyyatına üstünlük verməlisən. Bəzən qadınlarımız özləri qeysəriyyə əməliyyatına üstünlük verir. Bəzən 22 yaşlı bir qadının təbii doğuşla uşağı dünyaya gətirmək üçün orqanizmi imkan versə də, o, təkidlə qeysəriyyə əməliyyatına getmək istəyir. Qadının öz istəyi qeysəriyyə əməliyyatına göstəriş sayılır. Qadınlar bəzən ağrıdan qorxurlar. Ancaq bu gün biz ağrısız doğuşlar icra edirik. Biz bunu təklif etsək belə, bəzən qadınlar yenə qeysəriyyə əməliyyatı etməyə üstünlük verirlər. Mənə elə gəlir ki, biz bir qədər komfortlu həyata qaçırıq. Qız övladlarımızı da bir az tənbəl, komforta üstünlük vermək təbiəti ilə böyüdürük. Ona görə də onlar hamiləlik zamanı da asan üsula üstünlük verirlər.



- Dünya ölkələrindəki kimi kişilərin doğuşda iştirakına necə baxırsınız?

- Bu, çox normal haldır və bizdə də belə bir xidmət var. Biz buna partnyor doğuşlar deyirik – doğuşlarda kişilərimiz iştirak edə bilər. Azərbaycanda kişilər buna az meyllidirlər. Ancaq xarici vətəndaşlar burada uşaq dünyaya gətirərkən onlar doğuşda çox iştirak edirlər. Ancaq hər kişi qadının həmin proses zamanı ağrılarını sona qədər seyr edə bilmir. Bu onlara pis təsir edir. Ancaq kişilərimiz bunu görsələr, daha yaxşı olar. Mən hər zaman deyirəm ki, qadın o zaman anasının qədrini bilir ki, o özü də doğuş ağrılarından keçir. Çünki doğuş ağrıları həyatda heç bir ağrıya bərabər deyil. Ancaq buna ona görə dözür ki, dünyaya uşaq gətirir. Əgər kişilər qadınların hansı ağrılardan keçdiyini görsələr, onlar həyat yoldaşlarına qarşı daha anlayışlı olar və onları daha çox sevərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!