Qadınların aybaşı zamanı problemləri

Qadınların aybaşı zamanı problemləri
Cinsəl sağlamlıq
10.09.2017 67
Aybaşılarla bağlı qadınlar müxtəlif problemlərlə - ağrı, güclü qanaxma, aybaşının gecikməsi və s. ilə üzləşə bilərlər.



Amenoreya

Aybaşının olmaması. Qızlarda 16 yaşına qədər aybaşının olmaması, qadınlarda 6 ay ərzində aybaşının kəsilməsi amenoreya adlanır. Amenoreya 16 yaşa qədər, klimaks və döşlə əmizdirmə dövründə fizioloji sayılır. Əgər amenoreya bədən çəkisinin kəskin azalması, ciddi xəstəlik, qidalanmanın pozulması, həddən artıq məşqlər və stress fonunda baş verərsə, bu patologiya sayılır.



Güclü və uzunmüddətli qanaxma (menorragiya)


Bu aybaşıdan fərqlənən vaginal qanaxmadır. Bəzən aybaşı menorragiyaya keçə bilər. Yeniyetməlik və preklimakterik dövründə tez-tez hormonların disbalansı (balansın pozulması) baş verir ki, bu da aybaşı tsiklinin pozulmasına və uşaqlıq qanaxmalarına səbəb olur. Uşaqlıq qanaxmaları həmçinin fertil yaşlarda da rast gələ bilər və bunun da səbəbi uşaqlığın fibromioması (şişi) və poliplərdir. Belə qanaxmaların müalicəsi fərdi, yəni hər bir konkret halda onun səbəbi aşkar ediləndən sonra aparılmalıdır. Uşaqlıq qanaxmalarının nəticəsi olan həyati təhlükə törədən anemiya (qanazlığı) əmələ gələrsə, dərhal həkimə müraciət etmək lazımdır.



Dismenoreya

Ağrılı aybaşıdır. Bu problemə münasibət birmənalı deyil. Aybaşının ilk günlərində ağrının olması normal sayılır. Əgər ağrılar intensiv, daimi deyilsə, qısamüddətlidirsə, onda həyəcana heç bir səbəb yoxdur. Əgər ağrılar həddən artıqdırsa və ürəkbulanmasına səbəb olursa, onda ağrıkəsici preparatlar qəbul etmək, səbəbi aşkara çıxarmaq və adekvat müalicə təyin etmək lazımdır. Bunu ancaq həkim etməlidir.



Qadınları həmçinin aybaşı ilə əlaqədar olan premenstrual sindrom narahat edir. Aybaşıya 2 həftə qalmış qadını aşağıda qeyd edilənlər narahat edir:



Qarının köpməsi:


Döş vəzilərinin şişməsi və ağrılı olması

Susuzluq və şişkinlik

Bəzən ürək ritminin pozulması və ürək nahiyəsində ağrılar

Ürəkbulanma, başgicəllənmə, baş ağrıları

İştahanın azalması və ya artması

Bədən hərarətinin artması, üşütmə

Qıcıqlanma, aqressivlik, bəzən depressiv vəziyyət

Yuxunun və yaddaşın pozulması.



Bu zaman nə etmək lazımdır?


Özünüz üçün xoş əhval-ruhiyyə yaradın, gərgin vəziyyətlərdən yayının.

İmkan daxilində təmiz havada çox gəzin, bədən tərbiyəsi ilə məşğul olun.

Duzlu, acı, kəskin yeməklər, alkoqol, kofe, tünd çay, şokolad qəbul etməyin.

Tərkibində zülalı çox olan yeməklər qəbul edin.

Yaxşı istirahət və yuxu çox vacibdir.

A, B, E qrup vitaminlərinin qəbulu məsləhətdir.

Siqaretdən imtina edin.

Səhər və axşam kontrast duş qəbul edin.



Aybaşı zamanı gigiyena qaydaları

Bezləri tez-tez dəyişin (hər 3 saatdan bir)

Gündə bir dəfə ilıq duş qəbul edin

Bezləri hər dəfə dəyişdikdə yuyunun, çünki

Aybaşı qanı bakteriyalar üçün əla qidalı mühitdir

Aybaşı qanı hava ilə təmasda olduqda iy əmələ gəlir

Qanlı ifrazat cinsiyyət üzvlərini qıcıqlandırır və ağrı baş verir

Aybaşı zamanı fiziki gərginlik, soyuqdəymə, dənizdə çimmək, cinsi əlaqə infeksiyaya yoluxma riskinə görə arzuolunmazdır.



Bezi / tamponu neçə vaxtdan bir dəyişmək lazımdır?


Gigiyenik bez ona menstrual ifrazat tam hopmamış dəyişilməlidir. Tampon və ya bezlərdən istifadə etməyi hər qadın özü həll edir.

Tamponları tez-tez (4-8 saatdan bir) dəyişmək lazımdır. İfrazatlar az olarsa super hopduran tamponlardan istifadə etməyin. Tamponların çox gec dəyişdirilməsi toksiki şok sindromuna (TŞS) səbəb ola bilər. TŞS çox az rast gələn, lakin ölümə səbəb olan xəstəlikdir. 30 yaşa qədər olan qadınlar, xüsusilə yeniyetmələr TŞS görə risk qrupuna daxildirlər. Pambıq və ya viskoza tamponlardan istifadə edən qadınlarda TŞS bezdən istifadə edən qadınlara nisbətən daha tez-tez baş verir.



Tamponların istifadəsi ilə bağlı məsləhətlər:


Tamponlardan istifadə etdikdə onun təlimatı ilə tanış olun

Zəif hopdurucu tamponlardan istifadə edin

Tamponları 4-8 saatdan gec olmayaraq dəyişin

Tampon və bezlərdən növbə ilə istifadə edin

Toksiki şok sindromuna xəbərdarlıq edən əlamətləri yadda saxlayın (aşağıya baxın)

Aybaşı arası vaxtlarda tampondan istifadə etməyin.



Aybaşı zamanı tampondan istifadə etdikdə sizdə aşağıdakı simptomlar olarsa, dərhal həkimə müraciət edin:

Qəflətən hərarətin qalxması

Əzələ ağrıları

Diareya

Baş gicəllənmə, ürək bulanma, bayılma

Günəş şüaları ilə yanığa bənzər qızartı

Boğazda ağrılar

Gözlərdə qansızmalar



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!