Qadınların xəyanətini aşkarlayan detektiv

Qadınların xəyanətini aşkarlayan detektiv
Xəbərlər
10.09.2017 19
Zərifə 1969-cu ildə Bakıda dünyaya gəlib. 4 yaşı olanda valideynləri
boşanıb. Ayrıldıqdan sonra Zərifənin anası Bakı kəndlərinin birində
yaşayan, dul və üç uşaqlı bir kişiyə ərə gedir. Anasının nikahından
sonra Zərifənin qara günləri başlayır. Ögey bacı-qardaşları, ögey atası
kiçik Zərifəyə əziyyət verir. Zərifə deyir ki, özünü tanıyandan süfrədən
qalan artıq yeməkləri yeməyə məcbur olub. Ögey atası evdə yemək olduğu
halda belə ona yemək çəkilməsinə icazə verməyib. Süfrəyə yalnız
ögey-bacı qardaşları yeyib doyduqdan sonra otura bilirmiş. Ona heç vaxt
paltar alınmırmış. Anası ya öz paltarlarından ona paltarlar tikirmiş, ya
da ögey bacısının paltarını geyinirmiş. Anası isə ikinci dəfə
boşanarsa, ailəsinin ondan imtina edəcəyindən qorxub ərindən ayrılmır.

Zərifə
məktəbə getdiyi gündən özünə söz verir ki, oxuyacaq. Atalığı onun yaxşı
oxumasına belə dözmürmüş. Hər dəfə əlində kitab görəndə ev işlərini
görməyə məcbur edirmiş. Nəhayət ki, əziyyətli uşaqlıq, çətin məktəb
illəri bitir. Zərifə məktəbi bitirdikdən sonra imtahanları uğurla verib
riyaziyyat fakültəsinə daxil olur. Ailədəki bütün sıxışdırmalara rəğmən
var gücü ilə oxuyur.

Universitetdə təkcə yaxşı oxumağı ilə
deyil, həm də gözəlliyi ilə diqqət çəkir. İkinci kursda oxuyanda hüquq
fakültəsindən dördüncü kursda oxuyan Zamin adlı oğlanla tanış olur.
Gənclər bir-birinə aşiq olur. Zərifə deyir ki, heç vaxt heç kimdən
Zamindən gördüyü xoş münasibəti görmədiyinə görə ona ilk görüşlərdən
vurulur. Zamin universiteti bitirdikdən sonra da münasibətləri davam
edir. Zamin hər gün universitetə gəlib onu dərsdən evə aparır. Zərifənin
ailəsi münasibətdən xəbər tutduqları andaca evdə dava başlayır. Atalığı
onu evdən bayıra çıxmağı qoymur. 2 həftədən çox dərsə gəlməyən Zərifə
Zaminə baş verənləri xəbər göndərir. Zamin Zərifənin ailəsinə
valideynlərini elçi göndərir. Zaminin ailəsinin maddi vəziyyəti, təhsili
Zərifənin anasını və ögey atasını razı salır. Zərifə və Zamin
nişanlanır.
Zərifə danışır ki, Zaminlə nişanlandığı gündən düşünürmüş
ki, həyatı xilas oldu. Çünki Zamin dünyada tanıdığı ən yaxşı insan
olub. "Heç vaxt mübahisəmiz olmurdu, xətrimə dəymirdi. Mənə elə gözəl
hədiyyələr seçirdi ki, universitetdə qızlar həsəd aparırdı. Hər cür
qayğımı çəkirdi”.

Evləndikdən sonra da Zərifə ilə Zaminin birgə
həyatı gözəl başlayıb. Münasibətlərindən hər ikisi də xoşbəxt olub. İki
il sonra ilk övladları Samirə dünyaya gəlib. Evliliklərinin dördüncü
ilində Zaminə yüksək vəzifə təklif edilir. Zamin qəbul edir. Maddi
vəziyyətləri çox qısa zamanda yüksəlir. Zamin evdən çox işdə, iş
yeməklərində vaxt keçirməyə başlayır. Daha əvvəlki kimi nə Samirə ilə,
nə də Zərifə ilə maraqlanmır. Münasibətlər soyuyur. Artıq aralarında
dialoq qurmaq alınmır. Bu ərəfədə Zərifə ikinci uşağına hamilə qalır.
İkinci övladı Vahid dünyaya gəlir. Vahidin dünyaya gəlməsi də Zaminlə
Zərifənin münasibətini düzəldə bilmir. 7 il müddətində Zərifə sosial
həyatla bütün münasibətlərini kəsib uşaqlarını böyüdür. Bu müddətdə isə
Zaminlə münasibətləri demək olar ki, bitir. Zamin evə həftədə iki dəfə
gəlib gedir. Uşaqları məktəbə getdikdən sonra Zərifə işləmək istəsə də,
heç bir təcrübəsi olmadığı üçün iş tapa bilmir. Zamin maddi baxımdan heç
nəyə ehtiyaclarının olmamasını əsas gətirərək ilk vaxtlarda onun
işləməsinə qarşı çıxsa da sonradan razılaşır.

Zərifə Zaminin
köməyi ilə dövlət idarələrinin birində işə düzəlir. Həyatındakı boşluğu
doldurmaq üçün başını uşaqlarla və işi ilə qatmağa çalışır. Zaminin ona
heç bir diqqət göstərməməsi onu hər gün əridir.
Zərifə işlədiyi
idarədə əri haqda çox dəhşətli söhbətlər eşidir. Zaminin onun əri
olduğunu bilməyən iş yoldaşı Zamin haqda danışır. Onun müxtəlif
qadınlarla yaşadığını, hətta narkotik vasitələrdən istifadə etdiyini
deyir.

Zərifə ağlaya-ağlaya evə gəlir. Zamin evə gəldikdən sonra
onunla söhbət etmək istəsə də, cəhdi böyük dava ilə nəticələnir. Zamin
onu hədələyib deyir ki, ya bir də onunla bağlı heç bir sual verməyəcək,
ya da uşaqları evdə qoyub birdəfəlik evdən gedəcək. Eyni tipli davaların
getdikcə sayı artır. Sonda Zamin boşanmaq üçün məhkəməyə ərizə ilə
müraciət edir. Məhkəməyə verilən ərizəni oxuduğu zaman Zərifənin dili
quruyur. Zamin məhkəmə ərizəsində Zərifənin illərlə ona xəyanət
etdiyini, boşanmaq üçün uşaqlarının böyüməsini gözlədiyini deyir. Zərifə
dəhşət içində Zaminin iş yerinə gedir. Zaminin məhkəmə ərizəsində
yazdıqlarına izahat istəyir. Zamin dediyindən dönmür. Zərifənin ona
xəyanət etdiyini iddia edir.  Mübahisədə Zamin niyə bu fikrə gəldiyini
açıb deyir.

Zamin: " Vahid yeni dünyaya gəlmişdi. Mən işə yeni
düzəlmişdim. Bacın Diləfruz iş yerimə gəlib sənin ögey qardaşınla
uşaqlıqdan bəri sevgili olduğunu dedi. Həmin vaxt Vahid yeni doğulmuşdu.
Səndən ayrıla bilməzdim. Bu sirri isə ürəyimdə saxladım. İllərlə
işgəncə çəkdim. Amma qürurum icazə vermədi ki, aldadıldığımı dilimə
gətirim. Gerisini isə bilirsən”.
Zərifə dəhşətdən bayılır. Özünə
güclə gəlir. Zaminə yalvarıb inandırmaq istəsə də heç nə alınmır. Zamin
Zərifəni evə yola salır. Həmin gündən də bir daha evə gəlmir.

Məhkəməyə
verilən ərizə təsadüfən Zərifənin ana qohumu olan hakimə gəlib çıxır.
İşin ona verilməsini xahiş edir. Öz pulu ilə detektiv tutur. Zərifəni və
Zamini izlətdirir. Zərifənin həyatında uşaqlarından və evindən başqa
heç nə olmadığı məlum olur. Uşaqları məhkəmə ərizəsində tələb edən
Zaminin iddiası isə sübutlarla təmin olunmur. Uşaqların Zərifədə qalması
şərti ilə boşanma baş tutur. Zamin Zərifənin günahsız olduğunu
öyrəndikdən sonra onunla barışmaq istəyir. Zərifə illərlə çəkdiyi mənəvi
iztirabları Zaminə bağışlaya bilmir. Zamin boşandıqdan sonra narkotika
istifadəsini artırır. Vəziyyəti ağırlaşır. İşdə isə problemləri yaranır.
Çox az müddətdən sonra Zaminin işdə çox böyük yeyinti elədiyi, pulu isə
qadınlara və narkotikaya sərf elədiyi ortaya çıxır. Zamin həbs edilir.
Zərifənin əlindən almaq istədiyi uşaqları isə anaları ilə qalır.

Zərifə
hazırda dövlət orqanlarının birindı yüksək vəzifədə çalışır. Uşaqları
böyüyüb. Qızı nişanlanıb. Oğlu isə universitetdə təhsil alır. Zamin
həbsdən çıxa bilməyib. Daha doğrusu həbsdə narkotika krizisindən
dünyasını dəyişib. O deyir ki, həyat ona hər üzünü göstərib. Həm pulu,
həm kasıblığı, həm sadiqliyi, xəyanəti, sevgini, nifrəti, hər şeyi
görüb. İnsanlardan hər şey gözlədiyini deyir. Ancaq anlamadığı bir şey
hələ də var: Ögey bacısı Diləfruz ondan nə istədi? Niyə onun həyatını
alt-üst etdi? Uşaqlıqdan bəri çəkdiyi əziyyətləri Zaminin unutdurduğu
bir vaxtda niyə ailəsini dağıtdığını anlamaq istəyir. Bu sualı Diləfruza
dəfələrlə verib. Ancaq heç bir cavab almayıb.
Əziz oxucu, sevginin səbəbi olmadığı kimi, səbəbsiz nifrət də olur. Ürəyinizi səbəbsiz nifrətdən qoruyun.

Günay//
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!