Baxıcı qadın əvvəlcə atasını, sonra ərini əlindən aldı

Baxıcı qadın əvvəlcə atasını, sonra ərini əlindən aldı
Xəbərlər
10.09.2017 37
Nazilə deyir ki, anası dünyasını
dəyişdikdən sonra atası qardaşını və onu tək böyüdüb. Qardaşı Asif və
Nazilə orta məktəbi bitirdikdən sonra da atası başqa qadınla evlənmək
istəməyib. 

Nazilə
ana xiffəti ilə, gözüyaşlı böyüyüb. Xatırlayır ki, anası öldükdən sonra
atası onlara həm ata, həm də ana olub. Hər gecə qardaşı ilə Nazilə
yuxuya getdikdən sonra atası səhəri gün üçün yemək hazırlayıb. Paltar
yumaqdan əlləri qabar olan kişi çoxlarının kinayəsi ilə qarşılaşıb.
Onlara yaxşı təhsil verib. Özü işlədiyi İnstitutda hörmət qazanıb. Yenə
də Asiflə Naziləyə ögey ana əziyyəti göstərməyib.

Lakin,
Nazilə ailə həyatı qurduqdan sonra atasının vəziyyəti ağırlaşıb. Atası
qəfil xərçəng xəstəliyinə tutulub. Nazilə ailəli olduğu üçün hər gün
atasına baş çəkə bilməyib. Qardaşı Asif atasına baxıcı tutub. Sabir
günlərlə xərçəng xəstəliyinin verdiyi əzabı yaşayıb. Ağrıları azaltmaq
üçün həkim morfidən istifadəyə keçir. Bu da uşaqların yükünü bir qədər
azaldıb. Baxıcı bir neçə ay atası və Asif ilə bir evdə yaşayıb. Təxminən
3 ay sonra atası Asifi və Naziləni  çağırıb evlənmək istədiyini deyir.
Qızı və oğlu  bu xəbəri eşidib şoka düşür. Çünki, illərlə uşaqları təkid
etsə də, evlənmək istəməyən Sabir qəfildən, xəstə vaxtında evlənməyə
qərar verir. Uşaqları atalarının yaxından tanımadıqları baxıcı Kifayətlə
evlənməsinə etiraz etsələr də, sonradan razılaşmalı olur. Atası üç gün
sonra Kifayətlə evlənir. Rəsmi nikah bağlanır. Bir həftə sonra isə atası
dünyasını dəyişir. 

Nazilə
deyir ki, onu böyüdən insanın-atasının vaxtsız ölümü onu elə dəhşətə
gətirmişdi ki, hadisələri analiz edə bilmirdi. Yas mərasimində Kifayət
qohumlara özünü Sabirin arvadı kimi təqdim edirdi. Atasının qırx
mərasimindən sonra isə Kifayət Naziləni açıq söhbətə çağırır. Ona deyir
ki, bir daha evində nə Asifi, nə də ki Naziləni görmək istəyir. Nazilə
və Asif əvvəlcə heç nə anlamır. İki gün sonra isə Nazilənin evinə
məhkəmədən çağırış vərəqəsi gəlir. Vərəqədə deyilir ki, Nazilə Kifayətin
evinə zorla girməyə cəhd edir. Asif və Nazilə başlarına gətirilən oyunu
nəhayət ki, anlayır. Kifayət onların atasının anlaqsız vəziyyətindən
istifadə edib evi əlinə keçirir. Nazilə və Asif  bir daha doğulub
böyüdükləri evə gedə bilmirlər. 

Nazilə
danışır ki, hadisələrin baş verdiyi ərəfədə hamilə olub. Qardaşı isə
xaricdə təhsil almağa getdiyi üçün ona dəstək verən olmayıb. Psixoloji
sarsıntı keçirib. Atasının ölümü ilə bərabər yad qadın onun evini
əlindən alıb. Nəhayət, Nazilənin həyat yoldaşı arvadına təskinlik
vermək, həmçinin işi aydınlaşdırmaq üçün evlə bağlı məhkəməyə müraciət
edir. Məhkəmə isə işi polisə göndərir. 6 aylıq araşdırmadan sonra məlum
olur ki, Kifayət Sabirlə evləndiyi gün şəxsiyyət vəsiqəsi alıb. Elə
həmin gün də rəsmi nikaha girib. Sabirin ölümünə səbəb isə xərçəng
xəstəliyinin son həddə metastazı yox, başından aldığı zərbə olub. Sabir
isə sağlığında evi heç kimə vəsiyyət etməyib. Halbuki, Kifayətin
iddiasına görə, Sabir evi məhz, ona vəsiyyət etmişdi.  Beləliklə,
vəziyyət dəyişir. Kifayətlə bağlı başqa faktlar da ortaya çıxır. Onun
əvvəllər dələduzluq maddəsi ilə həbsdə yatması, bir kişinin ölümündə
ittiham olunsa da, həbs olunmaması ortaya çıxır. Bütün bunların fonunda
isə polis Kifayəti həbs etmək üçün yetərincə fakt olmadığını deyir.

Nazilə
1 il müddətində çəkdiklərini danışır. Deyir ki, böyüdüyü evə kənardan
həsrətlə baxdıqca için-için ağlayırmış. Kifayətlə dəfələrlə razılığa
gəlməyə cəhd etsə də, hər dəfə bu cəhdləri uğursuzluqla nəticələnir.
Kifayətlə söhbətdən sonra isə vəziyyəti pisləşir. Həyat yoldaşı Naziləyə
Kifayətlə kontakta girməyi qadağan edir. 

Təxminən,
il yarımdan sonra Kifayətin qızı kimi özünü təqdim edən Dilarə adlı
qadın peyda olur. Dilarə Nazilənin evinə gəlib deyir ki, anası Kifayətə
nifrət edir. Müəyyən məbləğ qarşılığında anasını ifşa edib evi əlindən
almaq üçün onlara kömək edə bilər. Nazilə bununla razılaşır. Ərindən
xəbərsiz 2200 ABŞ dollarını Dilarə adlı qadına verir. Lakin, Dilarənin
üzünü bir də görmür. Bununla bağlı polisə müraciət edəndə isə polis
şikayəti əsassız hesab edərək rədd edir. 

Nazilənin
belə bir düşüncəsiz hərəkətindən sonra əri ilə arasında böyük mübahisə
yaranır. Mübahisə 4 ay sonra boşanma ilə nəticələnir. 
Nazilə
atasının vəfatını, evlərinin əlindən çıxmasını, aldadılmasını, həyat
yoldaşının onu tərk etməsini xatırladıqca göz yaşı tökür. Onun saflığı,
hamıya inanması həyatını puç edir. 
Yeganə
övladı Sahilin isə ana bətnində güclü stress keçirdiyi üçün psixoloji
problemli dünyaya gəlməsi ilə nəticələnib. Nazilə qardaşı Asifi çox
axtarsa da tapa bilməyib. Bu qədər müddətdə cəmi bircə dəfə onunla
telefonda danışıb. Yaşadığı ölkəni, vəziyyətini isə deməyib. Ancaq onu
deyib ki, Kifayətdən ehtiyatlı olsun. 

Nazilənin
yaşadığı şok bununla bitməyib. Əri ilə ayrıldıqdan sonra xəbər tutub
ki, əri Kifayətlə bir evdə - onun atasının evində birgə yaşayır. Bu
münasibət isə onlar boşandıqdan az sonra başlayıb.
Nazilə
hamıya inamını itirib. Kirayə yaşadığı evdə çox böyük əziyyətlər çəkir.
Hər gün şəraitsiz evdə xəstə uşaqla cəhənnəm əzabı yaşayır. Güzəranını
isə evdə yazılar tərcümə etməklə qazanır. Bu isə onların kirayəsinə və
qidalanmasına yetir. 

Nazilənin
hazırkı maddi vəziyyəti imkan vermir ki, o, yenidən məhkəməyə müraciət
etsin. Lakin, o iddia edir ki, Kifayət onun atasının qatilidir. Atası
evi həmin qadına vəsiyyət etməyib. Qadın əvvəlcədən hər şeyi
planlaşdırıb. Atasını, evini, ərini onun əlindən alıb. Məhkəmə-tibbi
ekspertizası Sabirin ölüm səbəbi kimi başından zərbəni göstərir.  Nazilə
ədalət axtarışındadır. "Haqqını ver, ədalətini al” prinsipinə isə maddi
çətinliyinə görə ayaq uydura bilmir.

Əziz
oxucu, Nazilənin başına gələnlər hüquq pozuntusudur. Nə saflıq, nə də
qanunu bilməmək hüquq pozuntusuna əsas vermir. Ədalət sizinlə olsun.

Günay Muradlı.//Publikaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!