Anası: “Bilsəydim özünü öldürəcək, qoymazdım ayrılsınlar”.

Anası: “Bilsəydim özünü öldürəcək, qoymazdım ayrılsınlar”.
Xəbərlər
10.09.2017 23
Anası: "Bilsəydim özünü öldürəcək, qoymazdım ayrılsınlar”.

Ötən
həftənin ilk iş günü Hövsanda 19 yaşlı gənc xanımın - Leylanın özünü
evin tavanından asması xəbəri ölkə mediasında bir anlıq işıqlandırılsa
da, sonradan məsələnin mahiyyətinə sükut çökdü.

Yəni həmin
gəncin intihar etməsinin səbəblərinə aydınlıq gətirilmədən ölüm faktı
unuduldu. Elə mayın 19-da mərhumun yas məclisində iştirak etməkdə
məqsədimiz geridə qalan bir həftə ərzində ölüm səbəblərindən nəyinsə
açıldığını öyrənə bilmək idi…

"Qızının evini anası dağıtdı"

Həyətdə
çox adam vardı - qadın, kişi - hamı bu kasıb ailənin çətinliklərlə
böyüdüb boya-başa çatdırdığı Leylanın müəmmalı ölümünə təziyə tutmuşdu.
Maraqlıdır ki, Leylanın intihar etməsində dolayısı səbəb göstərilən, üç
il əvvəl - 16 yaşındaykən onu qaçıraraq özünə həyat yoldaşı seçən
Rəmişin yaşadığı ev də eyni məhəllədə olsa da, nəinki orada bu ailədən
kimsə yox idi, hətta bütün hövsanlılar Leylanın ailəsinin müdafiəsinə
qalxmışdılar. Yəni küçənin bütün sakinləri Rəmişin və onun ailəsinin
Leylaya əzab verdiklərini, konkret desək, qızı onların öldürdüyünü
deyirdilər.

Oğlan evi başqa söz danışırdı. Leylanın qayınanası
olmuş Zemfira ittihamları qətiyyətlə rədd edir. Deyir ki, onun Leyla ilə
qəti problemləri olmayıb: "Gəlin-qayınana münasibətlərimizdə
söz-söhbətə yer yox idi, can deyib, can eşidərdik. Oğlumla ayrıldılarsa,
mən qərarlarına qarışa bilməzdim. Buna baxmayaraq, telefonla tez-tez
söhbətləşərdik. Həmişə də deyirdim ki, gəl balana baş çək. Son dəfə
ölümündən bir gün əvvəl - bazar günü danışdıq, özünü yaxşı hiss edirdi.
Yenə dedim ki, gəlsin uşağı ilə görüşsün, parka gəzməyə çıxaq. Amma
bilsəydim ki, o, özünü öldürəcək, qoymazdım ayrılsınlar…".

Zemfira
xanım onu da bildirdi ki, əslində Leylanın ərindən ayrılmasına elə onun
öz anası səbəb olub. Guya anası onun ailə işlərinə qarışar, hətta
qızına evə qayıdacağı təqdirdə başqa bir oğlana ərə verəcəyini deyirmiş…

"Allah zalımı cəzalandıracaq"

Leylanın
anası ilə qızının "yeddi"sində söhbət edə bildik. Ağlamaqdan əldən
düşmüş Səltənət xanıma keçmiş qudasının ittihamlarını çatdıranda
əsib-coşmadı, səbirlə cavab verdi: "Ən yaxşısını Allah bilir, günahı
olanı da o özü cəzalandıracaq. İndi kim nə istəyir deyir, mən isə bu yas
günü onlara cavab vermək istəmirəm". Səltənət xanımdan intiharın
səbəbkarı olduğu iddia edilən Rəmişlə bağlı mövqeyini soruşduqda isə
qısa cavab verdi.

Dedi ki, kimdənsə şikayətçi olmaq fikrində
deyil, olan olub, keçən keçib, şikayət etməklə qızını həyata qaytara
bilməyəcək. Bəs yeganə nəvəsini - qızının yadigarı olan yaşyarımlıq
Əlini necə, Rəmişgildən almaq fikiri varmı? Səltənət xanım bu suala da
təəccübləndirici cavab verdi: "Qızımdan doymadım, nəvəm mənə nə verəcək?
Uşağı istəmirəm, qoy atasıgildə qalsın".

"Gərək onları atıb getməyəydim"

Mərhumun
yeganə qardaşı Qəhrəmanla da söhbətləşə bildik. Bu yerdə haşiyəyə
çıxaraq bildirək ki, hüzrdəki adamlar onun hələ əsgərlikdən qayıdan
kimi, bir neçə yaşı olarkən onları atıb gedən və hazırda Rusiyanın Sankt
Peterburq şəhərində yaşayan atasının yanına köçdüyünü bildirmişdilər.

Biz
də Qəhrəmanla bacısının ölümü ilə bağlı nələri bildiyini soruşduq. Dedi
Leyla ilə mütəmadi telefonla, hətta skayp vasitəsilə daenışıb,
dərdləşirmiş. Amma bacısı ona heç vaxt ailəsində belə ağır problemlərin
yaşandığını deməyib. Hətta Leyla ər evindən yığışıb anasının yanına
qayıdanda da bunu adi "xasiyyətlərin uyğun gəlməməsi" səbəbindən baş
verdiyini düşünüb. Bu zaman ondan başsız qalan ailəsini - anasını və
bacısını Hövsanda tək qoyub niyə Rusiyada yaşadığının səbəbini sorduq.

Axı
bu gün yanına sığındığı atası onları atıb gedəndə o körpə uşaq idi
(mərhum Leyla isə o vaxt ana bətnindəymiş - V.T.). Dedi ki, Sankt
Peterburqa getməsində atasının qəti rolu yoxdur: "Dayımla aramda
anlaşılmazlıq yaranmışdı, anam da onun tərəfini saxladı. Hətta mənə ağır
sözlər dedi. Yeniyetmə vaxtlarım idi, bu öz məni elə tutdu ki, Rusiyaya
getməyə qərar verdim. Amma bu gün çox peşmanam, gərək anamdan inciyib
getməyəydim. Düşünürəm burda qalsaydım, bacım da özünü öldürməzdi".

Qəhrəman
onu da əlavə etdi ki, hətta dəfələrlə anasına, ərindən ayrılandan sonra
bacısına Rusiyaya yanına gəlmələrini təklif edib, onlar isə
razılaşmayıblar. O, son vaxtlar bacısının razılaşdığını, hətta martın
17-də xarici pasport aldığını da qeyd etdi. Onun sözlərinə görə, amma
bacısı müəyyən texniki problemlərə görə Sankt Peterburqa gəlməkdə
yubanmışdı.

O əlavə etdi ki, əslində indii də Rusiyaya qayıtmaq
istəyir, amma polis icazə vermir. Ona deyiblər ki, istintaqın zəruri
suallarına cavab verməlidir, bu proses başa çatandan sonra istədiyi yerə
gedə bilər. Buna baxmayaraq, Qəhrəman dedi ki, bütün israrlarına
baxmayaraq, anasını da yanına aparmağa çalışacaq.

Ona əzab veriblər…

Yas
mərasiminə gəlmiş qonum-qonşular jurnalist olduğumuzu biləndə sanki
mənəvi borclarını ödəyirlərmiş kimi, hamı bizə məlumat verməyə çalışdı.

Qonşulardan
Mahirə: - Gözümüzün qabağında ona əzab veriblər. Yadıma düşəndə indi də
ürəyim yanır. Bir dəfə oğlanı (Rəmişi - V.T.) tutub dedim ki, "Ay bala
niyə ona əzab verirsən?”. Özünə əl qatdı ki, danışılanlar yalandır,
Leyla onun qanuni arvadıdır və normal ailədaxili münasibətləri var.

Xəzər:
- Ölümündən yarım saat əvvəl qızımla çəpərdən söhbət edirdilər. Danışıb
gülürdülər, hələ mən də fikirləşdim ki, şükür olsun, deyəsən
kədərini-qəmini unuda bilib. Elə yaxşı kökəlib əmələ gəlimişdi ki -
gözəlləşmişdi. Aradan 5-10 dəqiqə keçmədi ki, həyətlərində səs-küy
eşidib bayıra çıxdım. Gördüm gəlinləri qışqırıb camaatı köməyə çağırır.

Yarımçıq
tikili vardı həyətlərində, getdim ora, gördüm gəlin Leylanı oturdub
yerdə, saçları üzünə tökülü vəziyyətdəydi. Əvvəldən ürəkgetməsi vardı
deyə, fikirləşdim yəqin yenə bayılıb. Üzünə soyuq su çiləmək üçün saçını
arxaya sığayanda boğazına keçirilmiş ipi gördüm. Sifəti də göyərmişdi
deyə, keçindiyini başa düşdüm. Sonra gəlin məni başa salıb ki, o bura
gələndə Leylanı asılı vəziyyətdə görüb və ipi kəsib onu yerə salıbmış…

Gülbəniz:
- Bir dəfə küçədə çığırtı eşidib özümü bayıra atanda gördüm ki, Leyla
"Ana, kömək elə, məni dəlixanaya aparırlar" bağıraraq qaçır. Qaynanası
və başqa bir cavan qadın da qolundan tutub saxlamağa çalışır. Mən həmin
qızdan kim olduğunu soruşdum, dedi Leylanın eltisidir. Məsləhət xatirinə
dedim ki, yazıqdır, onu incitməsin, cavab vermədi. Mən də əlüstü gedib
bütün bunları Leylanın nənəsinə xəbər verdim…

Qoşqar (mərhumun
xalasının əri): - məni bir sual maraqlandırır: eşitdiyimə görə, bir dəfə
Leylanın qayınanası onlara gəlir və uşağı Rusiyaya aparmaq üçün icazə
kağızı almaq istəyir. Maraqlısı budur ki, o, özü şikəstdir, əsa ilə
gəzir, yaşyarımlıq körpəni xarici ölkəyə necə və niyə aparmaq istəyirdi?
Mənə elə gəlir ki, o, uşaqdan canını qurtarmaq istəyirdi - ya onu
satacaqdı, ya da nə bilim…

Bizə başqa qonşular da
eşidib-bildiklərindən söz açdılar. Onlardan biri dedi ki, Leylanı 16
yaşında qaçıran Rəmiş əvvəllər onunla mehriban davranıb, bu uşaq dünyaya
gələndən sonrakı aylaradək davam edib. Amma Rəmişin üzü qəfil dönüb,
Leyla ilə insanlığa sığmayacaq tərzdə davranmağa başlayıb. Onu otaqda
tək saxlayıb, özünə isə başqa arvad gətirib.

Bu yerdə qonşular
ümumiyyətlə Rəmişin arvadbaz olduğunu, amma heç vaxt onlarla nikaha
girmədiyini dedilər. Hətta Leyla ilə yaşı tamamlandıqdan sonra nə əcəbsə
kəbin kəsdirdiyinə təəccüblənənlər də oldu. Başqa bir qohumu isə dedi:
"Anası xəbər göndərmişdi ki, gəlib qızlarını aparsınlar, əks təqdirdə
sabah onun ölüsü çıxacaq evdən. Səhər isə qızı küçədə qovaraq tutub
dəlixanaya aparmaq faktı yaşanmışdı".

Mərhumun anası Səltənət
xanım bizə onu da dedi ki, Leylanın ömrünün son günlərində Rəmiş uşağı
iki gün ardıcıl onların evinin qarşısından keçirib. İki gün uşağını
çəpərdən izləyən ana isə üçüncü gün özünü asdı…


Menbe: "Həftə içi”
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!