“Səsə oyandım ki, anam yad kişi ilə...”

“Səsə oyandım ki, anam yad kişi ilə...”
Xəbərlər
10.09.2017 48
"Anamdan gördüyüm işgəncələri ailə qurduqdan sonra da gördüm”
"Zorla Dərbəndə ərə verdilər” 
İndi oxuyacağınız həyat hekayəti
mənim gözlərimin qarşısında yaşanan insan faciəsidir. Onun həyatı
uşaqlığımda cığır açıb indiyədək qalmışdı. Bu barədə heç vaxt heç kimə
danışmamışdım. Amma o qızın uşaq ağlı ilə düşündükləri, çəkdiyi əzabları
heç vaxt unutmadım. Sinif yoldaşım idi. Sakit, qaraqabaq, pambıq kimi
yumşaq əlləri var idi. Bizim əllərimiz azacıq soyuq olan kimi quruyub
qabıq verirdi. Bənövşənin (adı dəyişdirilib) əlləri isə həmişə ağappaq
və yumşaq idi. 

Hər
dəfə də deyirdi ki, qab yumaqdan, isti-soyuq suya alışmaqdan onun
əllərinə heç nə təsir etmir. O, qab yumaqdan danışanda biz hələ 6-cı
sinifdə oxuyurduq. Sinif yoldaşları özlərinə çay tökmədikləri yaşda
olanda Bənövşə bütün ailənin qab-qabacağını, paltarını yuyurdu. Üstəlik,
dərslərindən də geri qalmırdı. Valideyn iclasında heç vaxt anası
görünməzdi. Atası isə deyirdi ki, anası çox işləyir, vaxtı yoxdur. Biz
7-ci sinifdə oxuyanda Bənövşənin ayaqlarını sürüyə-sürüyə məktəbə gələn
atasının ayaqları birdəfəlik tutuldu. Onu bir daha məktəbdə, valideyn
iclaslarında görmədik. Anası isə cəmi bircə dəfə Bənövşə dərsdə ürəyi
getdiyi vaxt məktəbə gəldi. Qızını sakitləşdirmək yerinə onu
yoldaşlarının yanındaca vurub evə apardı.

15-16
il sonra Bənövşə barədə yazdıqlarım bəlkə də qeyri-etik və ya sirr
yaymaqdır. Ancaq bu mənim üçün uşaq vaxtı izlədiyim insan faciələrindən
biri idi. Hər dəfə dərsdən çıxandan sonra Bənövşə mənə qoşulub bizə
gələrdi. Nənəm onun qarşısına yemək çəkib qoyanda hər dəfə nənəmə
deyirdi ki, yəqin siz də öz bişirdiyinizi yeyə bilmirsiniz. Mən
bişirdiyim yeməkləri yeyə bilmirəm, çünki, bişirəndən sonra yoruluram.
Onu yola saldıqdan sonra nənəm pəncərədən onun arxasında baxıb
ağlayardı. "Yazıq analı yetim” deyib dərdlənirdi. 

Bir
həftə Bənövşə dərsə gəlmədi. Heç kimlə dinib danışmayan sinif
yoldaşımın məndən başqa dostu yox idi. Müəllim Bənövşə haqqında
öyrənməyi mənə tapşırdı. Onların evinə gedəndə atasını yataqda, Bənövşə
ilə özündən bir yaş balaca qardaşını isə evi təmizləyərkən gördüm.
Bənövşə mənə gizlicə dedi ki, anaları onları atıb gedib. Atasının
vəziyyəti isə ağırdır. Ona hər dəqiqə qayğı lazımdır. Məktəbə isə gələ
bilməyəcək. 

Beş
gün sonra Bənövşə dərsə gəldi. Mənə dedi ki, anası qayıdıb. Ancaq yataq
xəstəsi olan atasına əziyyət verir. Ona evdə yemək vermirlər. Altını
batırmasına görə isə anası atasına əl qaldırır. Bənövşə onu da dedi ki,
anası Dərbəndə satılıq mal gətirməyə gedəcək. Bu gedişində onu da
aparacaq. 

Müəllimlər
ailə vəziyyətini bildiklərinə görə Bənöşəyə heç nə deyə bilmirdilər.
Uşaq yaşlarından ailə qayğısı çəkdiyinə, dərslərindən geri qaldığına
görə onlara ancaq üzülmək qalırdı. 

Bənövşə
anası ilə dediyi vaxtda Dərbəndə getdi. Qayıdanda isə Bənövşə tamamilə
başqa cür qayıtmışdı. Heç kimlə danışmaq istəmirdi. Suallara cavab
vermirdi. Sadəcə bircə dəfə onu dedi ki, anasına nifrət edir və özünü
öldürəcək. Ona görə çox qorxurdum. Dərsdən sonra Bənövşə nifrətinin
səbəbini mənə danışdı. Dedi ki, Dərbəndə gedəndə anası birgə işlədiyi
kişi ilə yola çıxıblar. Gecə, yolda anası və kişi elə düşünüb ki,
Bənövşə yuxuya gedib. Uşağın olduğu yerdəcə cinsi əlaqəyə giriblər...
Bənövşə səsə oyanıb. Lakin, vəziyyəti görəndə səsini çıxarmamağa qərar
verib. Mələfəni başına çəkib, qulaqlarını isə yumub. O gündən sonra isə
içində anasına dərin nifrət hissi yaranıb. 

Bənövşə
uşaqlıq yaşamadı. Gəncliyini yaşamağı isə alınmadı. Məktəbi
bitirdiyimiz il Bənövşə dərbəndli bir oğlana ərə verildi. Onu bir daha
görə bilmədim. 

Yalnız
7 il sonra qarşılaşdıq. Məktəbdə oxuduğumuz zaman sinfin ən kök qızını
tanıya bilmədim. Qarşımda yaşı 40-a çatmış, beli bükülmüş qadın var idi.
Dərisi qapqara yanmışdı. Onu "28 May” metrosunun qarşısında, nəm
salfetlər satdığı zaman gördüm. Şokda idim. Bənövşə məni tanımışdı.
Sevinc və kədər dolu hisslər bir-birinə qarışmışdı. Məni qucaqlayıb
ağlayırdı. Bənövşə bu illər ərzində hər dəfə yadıma düşəndə ürəyimin
içində bir sızıltı hiss edirdim. Elə bilirdim ki, haradasa yarımçıq bir
iş qoymuşam. Onu görməyimə sevinə bilməsəm də rahatladım. Həyatı çox
ağır keçmişdi. Ağrılarının hər dəqiqəsi üzündə yazılmışdı. Ərə getdiyi
dərbəndli oğlandan 4 uşaq dünyaya gətirmişdi. Lakin, onunla da xoşbəxt
ola bilməmişdi. Əri vərəm xəstəliyindən dünyasını dəyişmişdi. Əri
öləndən bir il sonra yaşlı kişiyə ərə getmişdi. 

Ərə
getdiyi kişinin övladları isə ona və uşaqlarına zülm etməyə
başlayıblar. Kişinin böyük oğlu isə onun namusuna toxunmaq istəyib.
Uşaqlarına yemək verməyiblər. Deyir ki, uşaqlıqda çəkdiyi zülmləri
onlara yaşatmaq istəməyib. Övladlarını da götürüb Bakıya qayıdıb.
Anasının aqibətini ondan soruşdum. Bənövşə anasına qarğışlar, söyüşlər
yağdırdı. O, ərə getdikdən sonra anası atasını əlil və qocalar üçün
pansionata qoyub. Yerini isə heç kimə deməyib. Anası özü isə hazırda
Türkiyədə fahişəliklə məşğuldur. Qardaşı narkotika istifadəçisi kimi
həbs edilib. Dayıları evlərini satıb. Uşaqları ilə Bakının Sabunçu
rayonunda kirayədə yaşayır. İki qızı, iki oğlu var. Qohumlardan yalnız
bibisi qızı ona köməklik edir. Maddi vəziyyəti çox ağır olsa da, bu
illər ərzində çalışıb ki, heç kimə əl açmasın, başqa yollara düşməsin.
Bənövşə azərbaycanlı qadınların Dərbənd həyatından danışanda isə dünya
gözümdə qaralırdı. Azərbaycana evlənmək üçün elçi göndərən qoca kişilər
qız evinə bəy kimi oğullarını və ya yaxın qohumlarının gənc uşaqlarını
təqdim edirmiş. Gəlin yalnız Dərbəndə çatanda görürmüş ki, əslində ərə
gəldiyi adam qoca kişidir. 

Bənövşə
mən gördüyüm qız deyildi. Onu yaşadıqları soldurmuşdu. Anasından
gördüyü əziyyətlər yetməzmiş kimi ailə qurduğu oğlanın anası da onu
döyürmüş. Döyülməyinə səbəb isə ilk uşağının qız olması imiş. Qayınanası
onu hamiləliyi dövründə dəfələrlə döyüb. Qız doğduğuna görə onu hər
yerdə alçaldıb. 

Qız uşağı doğduğuna görə o, qonaq gələndə ev sakinləri ilə eyni süfrədə yemək yemirmiş. 
Bənövşə
təhsil ala bilməmişdi. Özü ilə bağlı heç bir arzusu yox idi. Bütün
gələcəyi, indisi övladları idi. Uşaqlarının oxuması üçün metronun
qarşısında, günün istisində nəm salfetlər satırdı. 

Bənövşə
bəlkə də dünyada yalnız mənə öz həyatını etibar etmişdi, yalnız mənə
ürək sirrini danışırdı. Mən bu gün onun sirrini yaydım. Bunu bilərəkdən
etdim, günahkar deyiləm. 
Heç
kim, nə mən, nə müəllimlər, nə də qohumları bir insanın həyatını xilas
edə bilmədik. Bənövşənin həyatı paramparça oldu. Bu gün də onun
həyatına, acılarına dəstək ola bilmədiyim üçün vicdanım sızlayır. Onun
üçün heç nə edə bilmirəm. 

Əziz
oxucu, Bənövşə kimi uşaq vaxtı soldurulan, gənc yaşında qocalan bəlkə
də ölkədə saysız qızcığazlar var. Onları köməksiz qoymayın...



Günay Muradlı//Publikaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!