Azərbaycan kinosunda erotika

Azərbaycan kinosunda erotika
Xəbərlər
10.09.2017 37
Qəribə hadisə baş verib. 2011-ci ildə çəkilmiş bir filmdə kiçik bir
epizod Azərbaycan tamaşaçılarını iki il sonra ilgiləndirib: Heç demə,
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Bizim kino” prodüser
mərkəzində rejissor Yavər Rzayevin çəkdiyi "İlahi məxluq” filmində erotik səhnə varmış. Aktrisa Vəfa Zeynalova da həmin erotik səhnəyə çəkilibmiş... Azərbaycan kinosunun Azərbaycan
tamaşaçısına gəlib çatması üçün xeyli vaxt lazım olub, ancaq yazıda bu
anlaşılmazlığı araşdırmaqdan uzağıq.  



Suallarımız başqadır:
Dünya kinematoqrafiyasına inteqrasiya olunmağımızı arzulayan
tamaşaçıların kiçicik bir səhnəyə dözümsüzlüyü haradan qaynaqlanır? 
Ümumiyyətlə, sənətdə hansı hallarda bu cür səhnələr məqbul, hansı
hallarda qeyri-məqbul sayılır? Görək sənətçilər nə deyirlər...



Heç vaxt açıq-saçıq səhnələrə çəkilmədiyini və bundan sonra da çəkilməyəcəyini bildirən xalq artisti Firəngiz Mütəllimova bunu nə özünə, nə cəmiyyətə, nə də ailəsinə sığışdırar: "Mən Hollivudda
çəkilmirəm ki, o səhnələrə görə milyonlar qazanım. Sözün düzü, heç mənə
indiyə kimi elə rollar da təklif etməyiblər. "Evləri köndələn yar”
tamaşasının bir yerində üzümü çevirəndə Fəxrəddin Manafov yanağımdan
öpür. O da tamaşa gərəyi olub. "Bəyin oğurlanması” filmində traktorda
Vidadi yanağımdan öpüb. Bu qədər. "İlahi məxluq” filminə baxmamışam, o
barədə bir söz deyə bilmərəm. Hər kəs özünə cavabdehdir. Xarici
filmlərdə o epizodlara baxanda pis yanaşmıram. Yəni, hər şey gözəl
olanda yaxşı olur. Estetik baxımdan gözəldirsə, qoyun çəkilsin. Amma
ikrah hiss oyadan səhnələrin əleyhinəyəm”.  



Əməkdar artist Münəvvər Əliyeva hesab edir ki, aktrisa öz obrazına bəraət qazandırmaqdan ötrü hər şey
etməlidir: "Niyə siz xarici filmlərə baxırsız? Niyə "Issız adam” adlı
türk filminə baxıb, bayılırsınız? "Issız adam” kimi bir film
Azərbaycanda çəkilsə, hamı başlayacaq dedi-qoduya. Bu nə dərəcədə 
doğrudur? Hansı mentalitetdən danışırıq? İndi Azərbaycan qızları
necədir, hamı bunu çox gözəl bilir. Amma həmin qızları səhnəyə, efirə
çıxaranda deyirik ki, olmaz.



Aktrisanın borcu rejissorun verdiyi
tapşırığı yerinə yetirməkdir. Əks təqdirdə rejissor deyər ki, xoş
getdin. Onsuz da başqa biri çəkiləcək. Heç kimə sirr deyil ki, indiyə
qədər o tip səhnələrə aktrisaları xarici ölkədən dəvət edib, çəkiblər.
"Təhminə və Zaur”da Təhminə obrazına türk aktrisası çəkildi. Bəyəm o
rola azərbaycanlı aktrisaları çəkə bilməzdilər?



Vəfa Zeynalova
çəkilib, düz eləyib. Rejissora bu lazım idi, aktrisa da etməliydi. O
filmə mən özüm də çəkilmişəm, amma çox böyük səs-küyə səbəb olacaq
qeyri-etik nəsə yoxdur”. 



Əməkdar artist Kəmalə Müzəffərin
fikrincə, rejissorun dedikləri ssenariyə uyğun gəlməlidir: "Yəni mən
bir aktrisa olaraq rejissora inanmalıyam. Ssenarini tələb etsə, baxaram
görüm onu kim yazıb. Hər yerindən duran bir ssenari yazacaq, mən də onu
oynayacam? Yox, qətiyyən.  Sonuncu "Müharibə” tamaşamda zorlanma səhnəsi
var. O səhnəni böyük məmnuniyyətlə oynadım. Çünki mütləq o səhnə
oynanılmalı idi. Ki, qadın ərinə sonda o sözləri desin: "Mənim üçün
artıq fərqi yoxdur. Müharibə dövründə məni hamı zorlayıb”.



Gənc aktrisa Zülfiyyə Qurbanova hesab edir ki,  aktrisanın çərçivələri olmamalıdır: "Azərbaycan
"mentalitetlər”in birləşdiyi ölkədir. Nə istəsəniz, burada var: məsələn,
bir aktrisa filmdə aktyorla, yəni tərəf-müqabili ilə azərbaycanlıların
açıq-saçıq dediyi, sənətdəsə normal qəbul olunan səmimi səhnələrdə
öpüşür, bir-birinin əlindən tutur və sair... Dərs adı ilə evdən çıxan,
amma gününü sevgilisinin evində keçirən bir qız evə gəlir və televizorda
bayaq dediyim səhnəni görür və deyir ki, "ata, necə tərbiyəsizdirlər”.
İnsanlar gizlində hər şeyi edirlər, amma aktrisa bir kadra çəkilir, o
dəqiqə hamı bundan danışır. Başa düşmürlər ki, aktrisa bundan qorxsa,
heç kadra çəkilməz”.



Zülfiyyə Qurbanova deyir ki, səhnənin necə
çəkilməsindən çox şey asılıdır: "İnanın, film sizi o qədər cəlb edə
bilər ki, buna heç fikir də verməzsiniz. Amma film elə çəkilə bilər ki,
ilk andan o səhnə adamın gözünə girər. Bu məsələdə əsas yük rejissorun
üzərinə düşür.  Niyə biz Hollivuda baxırıq, onlar soyunurlar və biz bunu
sənət kimi qəbul edirik. Mən əminəm ki, indiyə qədər Azərbaycanda çox
böyük səs-küyə səbəb olan səhnələr çəkilməyib”.



Aktrisa onu da
etiraf edir ki, məhz açıq-saçıq səhnəyə görə ona təklif olunan roldan
imtina edib: "Tamaşaçı fikrinə görə yox, sadəcə düşüncəmin imkan
verdiyindən açıq səhnə olduğuna görə imtina etmişəm. Bizim rejissorlar
bu səhnələrə çəkilmək üçün xarici aktrisalardan çox, adi tamaşaçıya üz
tutur. Aktyorluqla heç bir əlaqəsi olmayan qızlar bu səhnələrə
çəkilirlər. Belə çıxır onlar aktrisalardan daha cəsarətlidirlər”.



Aktrisa Günel Məmmədova isə deyir ki, açıq-saçıq səhnələrdə oynamamasının səbəbi cəmiyyətdir:
"Hələ mən "Ləkə” serialında Arzu rolunu oynadığıma görə tamaşaçıların
etirazları ilə qarşılaşıram. Tamaşaçılar serialın sosial şəbəkələrdəki
səhifələrində Arzuyla bağlı birmənalı fikirlər səsləndirmirlər. Yəni,
bizim cəmiyyət aktrisanı oynadığı roluna görə qiymətləndirir. Amma
xaricdə belə deyil. Ona görə hələ də çərçivələrimi saxlamışam. Bununla
belə açıq-saçıq səhnələr olan filmlərimizin çəkilməsinə normal baxıram.
Hazırda Türkiyənin özündə belə, açıq səhnələrdən istifadə olunur.



Hələ
başqa ölkələri demirəm. Bizim qəribə psixologiyamız var. Hamımız
Türkiyə, Rusiya, İtaliya seriallarına baxırıq və ordakı erotik
səhnələrin olmasını normal qəbul edirik. Özümüzə gələndə top atəşinə
tuturuq”.



Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov şərqli, müsəlman kişisi olaraq filmlərdə açıq-saçıq, erotik səhnələri
qeyri-məqbul hesab edir: "Ən dəhşətlisi odur ki, bu insanlar orijinallıq
xatirinə başlarından böyük qələti edirlər, sonra da don geyindirirlər.
Bu ya olmalıdır, ya da olmamalıdır. Elə millətik ki, bizi öz başımıza
buraxmaq olmaz, o dəqiqə cızığımızdan çıxırıq. Ona görə bu millətin
tarixi, mənəviyyatı, isməti ilə bağlı hər şeyə çox ciddi nəzarət
olunmalıdır.



Bu yaxınlarda Akademik Milli Dram Teatrında
Mehriban Ələkbərzadənin quruluş verdiyi bir tamaşaya baxdım. Siz
dediyiniz erotik epizod Akademik Dram Teatrının səhnəsində daha
acınacaqlı vəziyyətdədir. Hətta buna görə mənimlə bərabər ora dəvət
olunan Alim Qasımovla birgə tamaşanı yarıdan tərk etməli olduq. Soruşmaq
lazımdır, Azərbaycan xalqının məbədgahı - Akademik Dram Teatrı belə
eksperimentlər üçündürmü? Getsinlər, başqa teatrlarda bunu etsinlər. Bu
məsələlərə nəzarət olunmasa, daha eybəcər səhnələrin şahidi
olacağıq”.   



Rejissor hesab edir ki, filmlərdə belə səhnələrə
ssenarini təsdiq etməmişdən öncə diqqət yetirilməlidir: "Birincisi,
aktrisa kimdir ki, rejissorun dediyini etməsin? İkincisi, rejissor
kimdir ki, ssenaridə əgər o xətt varsa və o ümumi filmin gedişatına
xidmət edirsə, onu çəkməsin? Sadəcə aktrisa o roldan imtina edə bilər”.



Rejissor
daha sonra "Gecə qatarında qətl” filmini xatırladı və əlavə etdi: "O
filmdə ermənilərin tarixən qadınlardan istifadə edib xəyanət etmələri
barədə bir epizod var idi. Mən o rola odessalı bir aktrisanı çəkdim. Heç
ona söz deyən də olmadı, çünki orada erməninin mahiyyəti açılırdı, həm
də o aktrisalar üçün bu adidir. Yəni vəziyyətdən də bu cür çıxmaq
mümkündür. Sənət baxımından filmin dramaturji xəttinin inkişafına xidmət
edirsə, onu etmək olar”.



Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə hesab edir ki, bizim cəmiyyət artıq bütün əxlaqi normaları ifrat
dərəcədə keçib: "Əxlaqsızlığın əxlaq normalarına keçdiyi bir zamanda
yaşayırıq, amma filmlərdə, tamaşalarda mühafizəkarcasına nəyi qorumaq
istəyirik, mən anlamıram. İnsanlar özlərini orada görüb qəbul etmək
istəmirlər, yaxud özlərini tanıyırlar, ya onların natamamlıq
kompleksləri var, bunu başa düşə bilmirəm. Bu gün ən məsum bildiyiniz
adamların internetdə istənilən formada şəkillərini yayırlar. Bəlli olur
ki, o adamlar hansı həyat tərzi sürürlər”. 



Azərbaycan
filmlərində aşırı açıq-saçıq səhnələrin olmadığını deyən xanım rejissor
bildirir ki, belə epizodlar çəkilsə, bunun əleyhinə çıxmaz: "Əgər
məntiqlə lazımdırsa, sonucda onun tərbiyəvi əhəmiyyəti varsa, mən buna
gedərəm. Çünki hər bir şeyin məntiqi sonucu olmalıdır. "Qatil”
tamaşamdakı səhnə tərbiyəvi xarakter daşıyırdı və  mütləq olmalı idi.
Birinci hissəyə baxmadan ikinci hissəni açıq-saçıqlıqda ittiham edən
adam mənim üçün nadandır”.



Prodüser Fehruz Şamıyev:
"Rejissor Yavər Rzayevin "İlahi məxluq” filminin premyerası iki il
bundan əvvəl olub. Bu iki il ərzində bir dəfə də olsun, həmin filmdən
hansısa məqalə, material hazırlamayan niyə-nədən indi birdən-birə orada
hansısa erotik səhnəni təqdim edir?



Maraqlıdır ki, filmin
özündən söhbət getmir, həmin ekran əsərində rol alan Vəfa Zeynalovanın
erotik səhnəsi var deyə film diqqətə çıxıb. Yəni "İlahi məxluq” filmi
yox, onun bir epizodu və orda çəkilən aktrisa müzakirə olunur.



O
ki qaldı filmdəki həmin səhnələrə, orada nə erotik, nə də pornoqrafik
səhnə var. Filmlərdə erotik səhnələrin olması qəbahət deyil. Bu səhnələr
filmin müəyyən yükünü daşıyırsa, niyə də olmasın? Bu baxımdan  filmin
verdiyi mesaja uyğun olaraq hansısa erotik səhnələrə yer ayrıla bilər və
bu normaldır. Azərbaycan kinosunda Ayaz Salayevin "Yarasa” filmində bu,
daha açıq şəkildə göstərilib.



Bir məsələni də yada salmaq
istəyirəm, Yavər Rzayevin "İlahi məxluq” filmindəki sözügedən səhnənin
bənzəri rejissorun 1996-cı ildə çəkdiyi "Sarı gəlin” filmində də var.
Həmin filmdə isə erməni əsgərləri azərbaycanlı əsir qadını zorlayırlar.
Yəni, orda da həmin səhnə filmin dramaturji strukturuna xidmət edir”.



Aktrisa Vəfa Zeynalova jurnalistlərin son günlər ona ünvanlandığı suallardan yorulduğunu
bildirib və öz "facebook” səhifəsində status yazıb: "Heç bir ay yoxdur
ki, Macarıstanda keçirilən Gənclər festivalında ermənilərin qondarma
Qarabağ bayrağı qaldırdıqlarına görə mən və bir neçə vətəndaşımız böyük
mübahisələrdən sonra nəinki bayrağı endirdik, həmçinin erməni dəstəsini
festivaldan uzaqlaşdırdıq. Mənə çox maraqlıdır, nəyə görə bizim
jurnalistlərə bu böyük işimiz maraqlı gəlmədi, amma filmdə çəkildiyim
bir epizodu bu qədər bəzəyib-düzəyib şişirdirsiniz, oxucu dilənirsiniz.
İnanın mənə, bizim gördüyümüz bu böyük işdən yazsaydınız, daha çox oxucu
toplamış olardınız”. 



/Teleqraf/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!