“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO

“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO
Xəbərlər
10.09.2017 85
Həmsöhbətim müğənni Roza Zərgərlidir. Biləndə ki, uşaqlıq
illərindən danışacağıq, gülməkdən uğundu. Sən Allah, bəri başdan qeyd
elə ki, Rozanın uşaqlıq xatirələrini eşidəndə gülməkdən öləcəksiniz.
Bunu da uşaq vaxtı həddən ziyadə dəcəl, nadinc olması və bu üzdən də
başına gələn gülməli hadisələrlə əlaqələndirdi. Elə mənə də çox maraqlı
gəldi, görəsən, bu qədər çılğın, emosional və enerjili Rozanın
uşaqlığında nələr yaşanıb? Onu da deyim ki, uşaqlıqda "eybəcər qız
olmuşam” deməsinə rəğmən, Roza çox şəkər bir qız olub.



"Termometri sındırıb civəni uddum və…”



"Tümen
vilayətində doğulmuşam. 1978-ci ildə atam əsgəri xidmətini orda
keçirdiyi üçün anamı da özüylə bərabər Tümenə aparıb. 1979-cu ildə də
ilk övlad olaraq mən dünyaya gəlmişəm. Çox dəcəl bir qız olmuşam. İki
yaş üç aylığıma qədər olanların hamısı yadımdadır. Xatirələrimi
danışdıqca yəqin ki, mənə güləcəksiniz. Çünki uşaqlıqda başıma o qədər
qəribə hadisələr gəlib ki… Yadımdadır ki, iki yaş üç aylığımda anamgil
evdə oturub televizora baxırdılar. Anam hər otağa termometr qoymuşdu.
Birinin asılqan yeri xarab olduğu üçün paltar ütülənən stolun üstünə
qoymuşdular. Mən termometri sındırıb başlamışam sormağa. İndiyə qədər
civənin dadı damağımda qalıb; çox acı və turşməzə idi. Dərhal ağzım
acılandı və başa düşdüm ki, nəsə pis iş görmüşəm, desəm döyüləcəyəm.
Qaçıb su içdim və anamın yanına qayıdanda gördülər ki, ağzım, dodaqlarım
yanıb. O dəqiqə məni xəstəxanaya apardılar. Müalicə prosesində həkimlər
valideynlərimə dedilər ki, bu uşağın bütün səs telləri, iç-içalatı
yanıb. Onlar anamgilə məni Qafqazda məşhur olan başqa dinə mənsub bir
həkimin yanına aparmalarını məsləhət gördülər. Güclə sağaltdılar məni”.



"Atam mənə görə bığlarını qırxdı”



"Çox
nadinc idim. Bir dəfə atam işdən gəlib yatmışdı. O da iki növbəli işdə
çalışdığı üçün evə çox yorğun gəlirdi. Evdə heç kim yox idi. Döşəməni
rəngləmək üçün də anamgil rəng düzəldib bir kənara qoymuşdulr. Mən də
uşaq olduğum üçün anlamıram ki, bu nə olan şeydir. Götürüb o rənglə
bütün evi, üst-başımı rəngləmişəm, sonra da keçmişəm atama. Atam bir
onda gözünü açmışdı ki, büs-bütün üst-başı saçı, hətta bığı rəngə
boyanıb. Güclə saçını-bığını qırxıb o boyadan xilas olmuşdu. Özü də məni
heç vaxt döymürdülər, çünki elədiklərimin hamısını özümdən kiçik olan
qardaşımın üstünə yıxırdım”.



"Yuxudan duranda gördük üstümüzdən qurbağa tullanır”



"Evimizin
yanında gölməçə vardı. Məhəllə uşaqları ordan çömçəquyruq-qurbağa
balası yığıb saqqıza dəyişirdilər. Mən də bir dəfə üç dənə "Turbo”
saqqıza uşaqlardan 10 qurbağa balası alıb, bankaya yığıb evə
gətirmişdim. On günün içərsində o balalar qurbağaya çevrilib evə
daraşmışdılar. Səhər hamımız yuxudan oyananda gördük ki, üstümüzdə
qurbağa hoppanır.



Çox eybəcər qız idim, özü də həddən artıq arıq
olmuşam. Çoxlu komplekslərim vardı. Saçım uzun olduğuna görə
"atquyruğu”, dişlərim qabağa olduğuna görə isə "ekskavator” deyirdilər”.



25 manat oğurluq və verilən cəza



"Uşaq
vaxtı köhnə qəzetləri və butılkaları yığıb müəyyən yerlərə təhvil verib
əvəzində pul alırdıq. 3-cü sinifdə oxuyurdum. Həmin vaxt "Timur və onun
komandası” kitabını oxuyub özümü Timur kimi hiss etməyə başladım. Evdə
atamın pulundan 25 manat oğuladım və butulkalara dəyişdiyimiz pulların
üstünə qoyub bazarlıq etdim. Həmin bacarlığı 20-yə yaxın müharibə
veteranının evinə aparıb payladıq. Atam xəbər tutanda ki, pulunun
üstündən 25 manat yoxa çıxıb, hamımızı sıraya düzüb sorğu-sual etdi. Mən
irəli çıxıb dedim ki, pulu mən götürmüşəm və uşaqlarla bazarlıq edib
müharibə veteranlarına aparmışıq. Qayıtdı ki, bunu deyib də etmək
olardı. Sərt baxışı mənə ən böyük cəza oldu”.



"Məktubları Leninin kitabı arasında gizlədirdim”



"1989-cu
ildə Tümendən Azərbaycana köçdük. İlk məhəbbətimlə də elə Azərbaycanda
qarşılaşdıq. Əvvəlcə Şəmkirdə rus, sonradan, yəni 9-cu sinifdən
Azərbaycan bölməsində oxudum. İngilis dili müəlliməmin oğlu Qurbana
vurulmuşdum. O da məni sevirdi. İndi də onlarla ailəvi dostluq edirik.
Hər ikimiz utancaq idik deyə bir-birimizə sevgimizi demirdik. Elə
ordan-burdan xəbər çıxırdı ki, bəs Qurban Rozanı sevir. İndikilər kimi,
oturub kafedə-restoranda açıq şəkildə sevgimizdən danışa bilmirdik. İlk
dəfə olaraq Qurban mənə məktub yazıb göndərdi. Məktubu da tarix
kitabının yan tərəfinə saldığından mənim xəbərim olmadı. Qəfildən gözüm
sataşdı və məktubu oxumağa başladım. O vaxt ənənəvi məktublar yazılırdı
və bu məktub eyni cür başlanırdı. Məktub bu sözlərlə bitirdi; icazənizlə
gözlərinizdən öpürəm. Bah! Həmin gün qanadlanıb uçurdum sevincimdən, ev
yığışdırırdım, çay dəmləyirdim. Amma məni dərd almışdı, bilmirdim bu
məktubu necə gizlədim ki, anam görməsin. Evimizdə Mark, Engels və
Leninin şəkli olan bir kitab vardı, fikrləşdim ki, atam bu kitabı çoxdan
oxuyub, daha oxumaz. Məktubu onun arasında gizlətdim. Orda xeyli məktub
gizlətmişdim. Məktublara cavab da yazırdım. Paçtalyonumuz isə rəfiqəm
idi. Sən demə, bu qız da bizim məktubları xəlvəti oxuyurmuş. Kitabxanada
kitab qalmamışdı, hamısını bir-birimizə göndərirdik, arasında da
məktub. Yalan olmasın, azı beş yüz kitab oxumuşduq bu məktubların
hesabına. Bir gün o qızla dalaşdım və o da bizim sirrimizi açdı. Dedi
ki, Qurbanla Roza pozğundur, bir-biri ilə məktublaşırlar. Oğlan elə
bildi ki, mən hər şeyi özüm danışmışam, bu da hisslərinə toxunmuşdu.
Onda da sevgilər indiki kimi aşkar deyildi axı. Beləcə Qurbanla da
aramız dəydi və məktublar kəsildi. Bəlkə də oxucu inanmaz, amma mənim
ilk dəfə əlimdən həyat yoldaşım tutub. Toy gecəsinə qədər bir dəfə o
məni öpdü, o da alnımdan. 16 yaşımda isə bir oğlana vurulmuşdum, oğlan
isə məni sevmirdi. Daha doğrusu, bacı kimi sevirdi, bunu sonralar
biləndə çox pis oldum. Həyat yoldaşımın da bacısı mənim dərzi müəlliməm
idi. Bir ad günündə onun qardaşı məni görüb bəyəndi və evləndik”.



"Atamın enli əsgər qayışı ilə məni iti döyən kimi döydü”



"Uşaq
vaxtı saçım çox uzun idi və mənim xoşuma gəlmirdi. Qardaşıma dedim ki,
gəl saqqız çeynəyib saçıma yapışdıraq, anam da saçımı kare kəssin. Belə
də etdik. Saçımın tükləri yapışqan kimi bir-birinə yapışdı. Anam nəinki
saçımı kəsdi, zorla o saqqızları tüklərdən ayırdı. Üstəlik atamın enli
əsgər qayışı ilə məni iti döyən kimi döydü. Anam çox sərt qadın olub. O
hətta mənə deyirdi ki, səni bir oğlanla görsəm, başını kəsərəm”.



"Ölüm vaxtımı yazıb, məni morqa tulladılar”



"3
yaş 8 aylığımda möhkəm zəhərlənmişəm. Məni xəstəxanaya aparıblar və
görüblər ki, ürəyim dayanıb. Həkimlər ölümümün vaxtını da yazıblar;
9.40. O vaxt rayona-babamgilə teleqram vurublar ki, bəs hazırlıq görün,
Roza dünyasını dəyişib. Məni də atıblar morqa. Təsadüfən tibb bacısı
morqa bir meyid gətirib və görüb ki, mən ağ mələfənin içində
çapalayıram. Qızın qorxusundan dili tutulmuşdu. Həmin xəbəri bir həftə
atamdan gizlədiblər ki, kişiyə yavaş-yavaş desinlər. Həyacandan ürəyi
partlaya bilərdi axı…”



“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO
 
“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO
 

 

 
“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO
 
“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO
 
“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO
 
“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO
 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!