Televiziya işçisinin dilənçi anası danışdı - FOTO

Televiziya işçisinin dilənçi anası danışdı - FOTO
Xəbərlər
10.09.2017 11
"Hər ay dilənçiliklə qazandığım pulların çoxunu televiziya kanallarının birində operator işləyən böyük oğlumun kreditinə verirəm”
Bu sözləri aznews.az-a Metronun "Nəriman Nərimanov” stansiyasının yaxınlığında dilənçilik edən və Sabunçuda kirayədə yaşayan 55 yaşlı qadın deyib.



Onun sözlərinə görə, oğlu "Topaz”a pul qoyduğundan borca düşüb, buna görə də bankdan pul götürüb.



"Hər ay bankdan mənə zəng vururlar ki, kreditinizi ödəyin. Oğlumu nə qədər danlasam da, xeyri yoxdur. Televiziyadan maaşını alan kimi "Topaza”a qaçıb pul qoyur, mən də onun kreditini ödəyirəm. Hələ, üstəlik, təsəlli də verir ki, ana, darıxma, oğlanlar var ki, ev-eşiyini satıb pulunu bura qoyur”, - deyə dilənçi qadın bildirib.



Ərindən 14 ildir ki, ayrıldığını deyən qadın kədərli ailə həyatından da söz açıb: "Ərim hər gün içib, məni döyürdü, məcbur olub evdən çıxdım. İndi dilənçiliklə başımı dolandırıram. Kiçik oğluma deyirəm ki, gəl mənimlə kirayədə yaşa. Cavab verir ki, mənim evim var, kirayədə niyə yaşamalıyam? Atası yanıma gəlməyə icazə vermir. Qorxudur ki, ananıza sahib çıxsanız, evdən qovacam. Onlar da evsiz qalacaqlarından qorxub mənə sahib çıxmırlar, amma görüşürük. Arada zəng də vururlar. Keçən dəfə qardaşım oğlu məni tapıb evinə apardı. Həyat yoldaşı onlarla yaşamağıma razılıq vermədi. İndi görün, nə günlərə qalmışam ki, övladım yaşında olan cavanlar məni "dəli” bilərək küçədə ağzıma, üzümə söyürlər”.



"Sirr deyilsə, gününə nə qədər pul qazanırsınız?” sualına "Gün olur ki, heç bir qəpik də yol pulum olmur, ancaq elə gün olur ki, yüz manat qazanıram. Ümumilikdə, hər ay qazancım 1000 manat olur. Onun da 200 manatını kirayəyə verirəm. Qalan pullarımı da oğlum götürür. O da mənə yiyə durmur” - cavabını verib.



Metronun "Nəriman Nərimanov” stansiyasının həndəvərində dilənçilik edən qadın yeməyini yaxınlıqda yerləşən kafedə yediyini əlavə edib: "Kafenin sahibi tapşırıb ki, məndən pul alınmasın. Burada şəhid ailələrinə də yemək pulsuz verilir. Axşam da evə gedəndə şirniyyatla çay içib yatıram".



Redaksiyadan: Qadın əməkdaşımızdan xahiş edib ki, onun adı familiyasını yazıda qeyd etməyək və fotosunu yaxından verməyək: "İstəmirəm oğlumun iş yoldaşları ona yuxarıdan aşağı baxsınlar. İstəmirəm, kimsə bilsin ki, anası sahibsiz halda küçələrdə dilənir. Ona görə də nə adımı yazın, nə də şəklimi verin”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!