“Qayınanam QİÇS olduğumu biləndə…”

“Qayınanam QİÇS olduğumu biləndə…”
Xəbərlər
10.09.2017 40
Dəhşətli virusa yoluxmuş Samir: "Qərara aldım ki, mütləq nişanlıma deməliyəm

 

"Qohumum vardı, ürəyindən əməliyyat olacaqdı.Qan lazımıydı. Getdim ona qan verməyə. Onda məlum oldu ki, mən qan verə bilmərəm”.

 

Samir Nuriyev artıq 7 ildir ki, qanında İİV virusu daşıyıcısıdır. Ailəlidir. İki övladı var.

 

"Qolumdan qan götürdülər. Sonra mənə zəng gəldi. Xəstəxanaya çağırırdılar. Getdim. Həkim cavan qızıydı. Gördüm, nəsə demək istəyir, amma deyə bilmir. Əziyyət çəkir. Dedim, uşaq deyiləm, bir başa de görüm, nə olub mənə? Binaya girəndə qapının üstündəki yazını oxumuşdum: "QİÇS-lə Mübarizə Mərkəzi”. Özümü nə qədər hazırlıqlı görsətsəm də, xəstə olduğumu eşidəndə dünya başıma uçdu. Sevdiyim qız vardı. Evlənəcəkdik…”

 

Bu xəbərdən sonra depressiyaya düşür. Bir aydan sonra yenidən gəlir Bakıda yerləşən QİÇS-lə Mübarizə Mərkəzinə. Bu dəfə müalicə olmaq niyyətiylə. Müalicəsini alır. Qanında İİV virusunu minimuma salır. Bir neçə aydır müalicəsini dayandırıb. Deyir, son günlər özünü halsız hiss edir. Təkrar gümrah olmaq üçün gərək təzədən dərman içə. Dərman mərkəz tərəfindən xəstələrə pulsuz paylanılır. Samirin sözlərinə görə, QİÇS-lə Mübarizə Mərkəzi bəlkə də ölkədə yeganə qurumdur ki, bir qəpik rüşvət rol oynamır. Dərmanlar vaxtlı-vaxtında xəstələrə pulsuz verilir.

 

Samir bu virusa yoluxanda subay olub. O vaxtı belə xatırlayır.

 

(Dərindən köks ötürüb) "Oy, Allah! Bilmirdim vəziyyəti necə izah edim ki, Əsmər xəstəliyimdən hürkməsin. Bu müddətdə ona bu virus haqqında məlumatlandırıcı materiallar verirdim. Üç ay fikirli gəzdim. Ruh kimiydim. Axırda qərar verdim ki, deməliyəm. Ölmək ölməkdi, bəs xırıldamaq nə deməkdi? Ya o yanlıq olsun, ya bu yanlıq. Əsməri və anasını çağırdım. Düşündüm ki, anasının da bilməyə haqqı var. Və dedim. Qayınanamdan aldığım cavab məni şoka saldı. Dedi, bala, heç kim heç nədən sığortalanmayıb. Kim bilə bilər ki, sabah başımıza nə gələcək? Səninlə qızım yaşayacaq, mən yox. Qərar onundu. Əsmər də sağ olsun, məni tək qoymadı. O vaxtdan bəri daima yanımda oldu, dəstək oldu. Adət-ənənəylə evləndik, toyumuz oldu. Xəstəliyimi sadəcə hər ikimizin ailəsi bilir. Xoşbəxtəm. İki qızım var. Biri iki yaşında, digəri beş aylıqdı”.

 

Samir deyir ki, ARV terapiya qəbul edəndən sonra İİV virusunun yoluxuculuğu qalmır. Terapiya qanda virusu bir yerə yığıb blok edir. İmmuniteti qaldırır.

 

"Bu mövzuda təlimlərə qatılırdım. Evlənəndə kifayət qədər məlumatlıydım. Öpüşüb görüşməklə, toxunmaqla, bir qabdan yemək yeməklə yoluxma olmur. Bütün bunlara baxmayaraq, mən ailəmi və ətrafımdakı insanları qoruyuram. Ortaq kəsici alətlərdən istifadə etmək olmaz. Məsələn, üzümü qırxandan sonra mütləq özüm atıram. Yoldaşım da, övladlarım da tam sağlamdır. Arada hərə ehtimala qarşı kontroldan keçirirəm. O gün xəstəxanaya getmişdik. Bir qadın gətirmişdilər. Əri İİV olduğunu gizlədib, arvadını da yoluxdurub. Qadın da virus daşıyıcısı olduğunu biləndə özünü maşının altında atıb. Yoldaşımla keçdik onun palatasına. Xeyli söhbət elədik, məlumat verdik”.

 

İİV virusuna necə yoluxduğundan danışır.

 

"Ortaq şprisdən yoluxmuşam. Məlumatsızlıqdan. O vaxt da, elə indi də bu və ya digər yoluxucu viruslar haqqında, onlardan qorunma qaydaları, yoluxma metodları haqqında məlumat azdı. Ancaq QİÇS-lə Mübarizə Mərkəzinin və bir qrup təşkilatların hazırladıqları broşürlər, məlumat kitabçaları var. Vizual məlumat daha çox yadda qalır. Yaxşı olardı ki, televiziyalarımızda bu haqda sosial video-roliklər, verilişlər, reklam blokları olardı. Çünki məlumatsızlıq bu gün də var. Yoxsa virus ilbəil bu qədər artmazdı. Ümumiyyətlə, İİV haqqında məlumat azdır. İnsanlar adını eşidən kimi qorxurlar. Bu da qrip kimi xəstəlikdir. Orqanizmdə immunitet çatışmazlığıdır. Hələ mən görməmişəm ki, kimsə QİÇS-dən ölə”.

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilin üçüncü rübünün yekunlarına görə, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Lakin son illər cinsi yolla yoluxanların sayı artıb.

 

2014-cü ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 476 təşkil edir. Onlardan 462-i (97,1%) Azərbaycan vətəndaşı, 14 nəfəri (2,9%) isə əcnəbi vətəndaşlardır. Qeydiyyata alınan 462 Azərbaycan vətəndaşından 286-i (61,9%) kişi, 176-ı (38,1%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşların sayı 158 nəfər olub. Bu dövr ərzində İİV-infeksiyasından 82 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişməsi barədə məlumat daxil olub ki, onların da 47 nəfəri 2014-cü ildə vəfat edib.

 

Bu ilin 9 ayında İİV-ə yoluxan vətəndaşlarımızdan 144 nəfərə (31,2%) parenteral kontakt, 273 nəfər (59,1%) heteroseksual kontakt, 9 nəfərə (1,9%) homoseksual kontakt nəticəsində, 17 nəfərə uşağa (3,7%) anadan, 19 nəfərə (4,1%) yoluxma yolu ilə yoluxub.

 

Azərbaycan vətəndaşında ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2014-cü ilin 9 ayının sonunadək 4611 İİV-ə yoluxmuş insandan 1164-ü (25,2%) Bakı şəhəri və Abşeron rayonunda, 3412-i (73,4%) respublikanın digər 57 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir. 35 nəfərin (0,8%) isə yaşayış yeri naməlumdur.

 

4611 nəfər Azərbaycan vətəndaşından 2551-də (55,1%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1588-də (34,4%) heteroseksual, 60-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 82-də (1,8%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş verib, 329 nəfərdə (7,1%) yoluxma yolu müəyyən edilməyib.

 

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, 2006-cı ilin noyabrın 8-dən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 2242 İİV-lə yaşayan insan  cəlb olunub, onlardan 471 nəfərə müalicə 2014-cü ilin 9 ayı ərzində başlanılıb.

 

"AİDS-lə Mübarizə” İctimai Birliyinin koordinatoru Ehtiram Paşayevin sözlərinə görə, İİV virusuna yoluxan xəstədə iki həftə ərzində virusun əlamətləri üzə çıxır:

 

- Qarın ağrısı, halsızlıq, zəiflik, insan birdən birə çəkisinin 10 faizinə qədərini itirir. Temperaturu qalxır. Bu hamıda belə olmur. Bu əlamətlər olmaya, simptomsuz keçinə bilər. Adətən proses belə gedir: qarın ağrısı, qızdırma qalxır, insan zəifləyir, arıqlama gedir. Üç ay ərzində pəncərə dövründə virus özünü göstərmir. Yeni testlər var. Virusun üç-dörd həftəliyində təyin edə bilir. Bunlar virusu yox, qanda olan anticisimlərin olub-olmadığını təyin edirlər. Bundan bilinir ki, insan İİV virusuna yoluxub, ya yox. Düzdür, apteklərdə satılmır. Qiyməti də nisbətən bahalıdır. Qanda olan immun hüceyrələri virusla mübarizə aparmağa başlayır. İİV virusu qandakı hüceyrələrin içinə girərək, onun səthini parçalayır. Hüceyrə çoxalır, virus da hüceyrənin içində çoxalır. Belə-belə çoxalma gedir, qanda olan virusun sayı milyonlara çatır.

 

İB-in koordinatoru bu virusun müalicəsi üçün yeni preparatların mövcud olduğunu da deyir.

 

- Qanda virusu minimum səviyyəyə salan dərmanlar var. Əsas odur ki, qandakı immun hüceyrələridir. Cd4 hüceyrələri qalxdıqca, qanda virus yükü azalır. Normal insanlarda bu hüceyrənin sayı 1200 – 2000 arasında olur. İİV virusuna yoluxan insanlarda bu hüceyrələrin sayı kəskin azalmağa başlayır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri var ki, cd4 hüceyrələrinin sayı 500-ə düşəndə artıq xəstəyə ARV terapiya təklif olunur. Müalicə məcburi deyil. Könüllü şəkildə aparılır. Xəstə imtina edərsə, 350-də bir daha ona bu müalicə kursu təklif edilir. 350 kritik nöqtədir. Əvvəllər 250 idi, indi 350-ə qədər qaldırıblar. Bu virusa yoluxan insanlar ömrünün axırına qədər dərman qəbul etməlidir. Dərmanlar dövlət tərəfindən QİÇL-lə Mübarizə Mərkəzində pulsuz verilir. QİÇS artıq 4 ildir ki, ölümcül xəstəliklər siyahısından çıxarılıb. Xroniki infeksion xəstəliklər siyahısına salınıb.

 

 E. Paşayev insanların bu virus haqda çox vaxt məlumatsız olduğunu deyir.

 

- Biz İB olaraq, zərərin azaldılması proqramında narkotik istifadəçiləri, kommersiya seksi ile məşğul olan qadınlar və kişilərlə sekslə məşğul olan kişilər arasında epidemiyanın yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görürük. Bunlar steril şprislərin dəyişdirilməsi və prezervativlərin pulsuz paylanmasıdır. Həmçinin onların İİV-ə müayinəyə cəlb edilməsini göstərmək olar. Maarifləndirici sosial roliklər çox az çəkilir.  Lakin televiziya kanalları efir vaxtının az olmasını səbəb gətirərək, belə roliklərin pulsuz yayımlanmasından imtina edirlər. Bir neçə dəfə müraciət etmişik, sosial roliklərə ayrılan limit qurtarıb, deyiblər.

 

QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumatda ümumilikdə, Azərbaycanda ilk dəfə İİV — infeksiyasının aşkar edildiyi 1987-ci ildən bəri mərkəzdə İİV — infeksiyası təsdiq olunmuş 4774 nəfər rəsmi qeydiyyata götürüldüyü deyilir. Onlardan 4611 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 163 nəfəri (3,4%) isə əcnəbilərdir.  İİV-ə yoluxmuşlardan 3651-i (76,5%) kişi, 1123-ü (23,5%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1477 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1453 nəfərdir.

 

İİV — infeksiyasından dünyasını dəyişənlərin sayı 667 nəfərdir. Bunlardan 658-i Azərbaycan vətəndaşı olub.

 

Xəstələrlə söhbət zamanı təbliğatsızlıq tez-tez səbəb olaraq göstərilir. Bəs görəsən, 12-i region kanalları olmaqda ölkədə fəaliyyət göstərən 24 televiziya kanallarında bu barədə maarifləndirici video roliklər niyə yayımlanmır?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!