Qərbin yeni ailə modeli: 2 nəfər bəs eləmir - fotolar

Qərbin yeni ailə modeli: 2 nəfər bəs eləmir - fotolar
Xəbərlər
10.09.2017 9
Gələcəyin klassik ailəsi "poliamorik ailə” - ata, iki ana və təxminən iki övladdan ibarət bir ailə olacaq. Amerika alimlər belə deyir.



Adətən "kiçik dövlət” adlandırılan ənənəvi ailə modeli hər zaman müqəddəs hesab edilib. Amma çağdaş dünyada gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modelləri istəsək də, istəməsək də, ailəyə təsir edir. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, ailə institutunun deformasiyaya uğramasına gətirib çıxarır.



Son zamanlar elə bir vəziyyət yaranıb ki, hətta belə getsə, bir müddət sonra bildiyimiz ailə modelindən əsər-əlamət qalmayacaq. Yaxın gələcəkdə "qlobal ailə tipi” dedikdə bildiyimiz ər-arvad və uşaqları deyil, tamam fərqli model haqqında danışmağa məcbur olacağıq.



Bəli, normal qəbul edib-etməməyimizdən asılı olmayaraq, bu gün ailə modelində aşınmalar baş verir. Əgər tipik olmayan nikahlar baş tutursa, "qadın+qadın", "kişi+kişi" ailə tiplərinə rast gəlinirsə, bir müddət sonra "triple marriage” - üçlü nikahlara da rast gələcəyik. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır...



Gələcəyin poliamor ailəsi, onun dəyərləri barədə sosioloqlar, kulturoloqlar, hətta siyasətçilər arasında mübahisə və müzakirələr başlayıb. Bu gün Amerikada poliamor evliliyin qanuniləşdirilməsini dəstəkləyənlərin sayı buna etiraz edənlərdən artıqdır. Bu fakt kifayət qədər nüfuzlu media vasitələrinin də müzakirə obyektinə çevrilib. Qeyd olunur ki, hazırda Ali Məhkəmədə eynicinsli cütlüklərin qondarma "nikah bərabərliyi” müzakirə olunursa, niyə üçtərəfli evlilik də müzakirə edilməsin?



Hətta bu yaxınlarda Nyu-York Universitetinin professoru Cudi Stasi Ali Məhkəmə qarşısında özünün evliliyə yeni baxış tərzi ilə bağlı ümidlərini ifadə etmişdi. Onun fikrincə, evlilik məsələsinə yenidən baxmaq, ona daha fərqli, yaradıcı və tətbiq edilə bilən cizgilər əlavə etmək ənənəvi Qərb evliliyini yeni bir mərhələyə daşıyacaq.



Bir müddət əvvəl ABC News poliamoriya, bizim dillə desək, çoxsevgililik və ya qrup evliliyi haqqında "iki ana, bir ata və iki uşaqdan ibarət böyük bir poliamorik ailə” başlıqlı video material yayıb.



Rayn Anderson özünün "Rədd edilmiş həqiqət: Evliliyin və Dini Azadlığın Gələcəyi” adlı kitabında bu tip ailələrin kökünü qədim tarixlə bağlayır.



Bu yaxınlarda xaricdə küçələrə çıxaraq haqlarını tələb edən LGBT və onu dəstəkləyən alim və vəkillər özlərinin "Həmcins nikahından da ötə” adlı bəyanatında üç və daha artıq partnyordan ibarət seksual münasibətlərin hüquqi baxımdan tanınması ilə bağlı çağırış ediblər.



Arizona Dövlət Universitetinin professoru Elizabetin fikrincə, bir neçə nəfərlə evlilik hüququ cəhətdən qəbul olunmalı və eyni zamanda fərd, cinsi əlaqədə olmaq istədiyi tərəflərin sayını və cinsini, əlaqənin növünü və digər tərəflərlə paylaşdığı hüquq və öhdəlikləri özü müəyyən etməlidir.



2009-cu ildə aparılan araşdırmaya görə ABŞ-da 500.000-dən artıq poliamorik ailə mövcuddur. Görünür, bu, təcrübədə bizim düşündüyümüzdən daha təbii baş verir. Poliamoristlərin fikrincə, cavab aydındır: yaşamaq və sevmək üçün bir yol deyil, bir neçə yol var.



O ki qaldı Azərbaycana, əgər biz klassik ailə modelimizi qoruyub saxlamaq istəyiriksə - əminəm ki, çoxlarımız bunun tərəfdarıyıq,- onda mövcud dəyərlərimizi qorumağa çalışmalıyıq. Çünki milli dəyərlərdən imtina edən ailələrdə xoşbəxtlik də uzaqlaşır. Və unutmamalıyıq ki, ailə - cəmiyyətin hüceyrəsidir, sağlam ailə modeli olmayan cəmiyyət də xəstə olacaq.




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!