Bakıda 3 uşaq anasına təcavüz edib küçəyə atdılar - FOTOLAR

Bakıda 3 uşaq anasına təcavüz edib küçəyə atdılar - FOTOLAR
Xəbərlər
10.09.2017 14
Tanrı tərəfindən unudulan insanları düşünün. Düşündünüz? Baxın, indi o insanları, daha doğrusu qadınları siz də tanıyacaqsınız. İsti ailə ocağını atıb məcbur halda səhərin 6-sında, qışın soyuğunda, şaxtasında, qul bazarına gəlib, maşınların üzərinə qaçan, bir parça çörək üçün az qala dilənən, evdəki körpə balaları üçün çırpınan, yuxunun, istirahətin nə olduğunu unudan, qadın olduqlarını belə yadlarından çıxaran, 3-5 manat üçün onun-bunun sözünü götürüb başını aşağı salaraq işini görən, köks ötürən sanki tanrının belə xatırlamadığı, unutduğu qadınlar...

Bu insanların gələcəyə dair ən kiçik bir planı, xəyalı belə yoxdur. Bu gün üçün yaşayırlar ancaq. Sadəcə axşama bir tikə çörək aparmaq ümidi ilə.



Zibilliyi eşib çörək axtarmışam

Yuxarıda bəhs olunanlar nə xəyal ürünü, nə yuxu, nə də ki, paralel dünyadan deyil. Bunlar Bakının Maştağa kəndində olan qadınların qul bazarının reallıqlarıdır. Yolumuzu buradan salaraq onların çətin, bir o qədər də keşməkeşli həyatlarını öyrənmək istədik. Amma onlar jurnalist olduğumuzu bilən an sanki yaxınlığa bomba düşmüş kimi hərəsi bir tərəfə qaçdı, bəziləri isə gizləndi. Bir az sonra isə israr etdiyimizi görərək düşdükləri çıxılmaz vəziyyətdən şikayətlənmək üçün tək-tək yaxınlaşmağa başladılar. "Güc birlikdədir" misalından bəhrələnərək digərləri də yanımıza gələrək başımızın üzərini aldılar.

"Siz Allah şəkillərimizi çəkməyin. Sonra adımıza söz çıxaracaqlar. Qonum-qonşu, qohum-əqrəba bilmir bura gəldiyimizi. Biz bir tikə çörək dalınca gəlirik, amma onlar dalımızca min söz danışacaqlar"- deyərək məsum baxışlarla şəkillərini çəkməməyimizi istədilər.

58 yaşlı Məlahət xala da nəvəsi və qızı üçün bura gəlir. Əri ilə qızının yoldaşının eyni vaxtda qəzaya düşərək vəfat etməsindən sonra çıxılmaz vəziyyətə düşüblər. Son çarəni isə qul bazarına gəlməkdə görən Məlahət xala bir tikə çörək üçün hər işi görəcəyini deyir: "Qızım uşağa baxdığı üçün və ayağının birinin aldığı zədədən sonra axsaması üzündən iş qabiliyyətini itirib. Məcbur olaraq evin dolanışıq xərclərini bu bazara gəlib-getməklə əldə edirik. Onu da edə bilsək... Yaşım çox olduğu üçün heç kim məni işə çağırmır, "bacarmarsan!" deyib cavanları aparırlar. Amma bu yaşımla 3 cavanın işini görərəm ki, evdəki balalarım ac qalmasın. Elə zamanlar olub ki, inanın, neçə gün iş olmayıb, yeməyə quru çörəyə belə həsrət qalmışıq. Gedib zibilliyi eşib, bir tikə çörək filan tapmışam ki, biz cəhənnəm heç olmasa o körpə ac qalmasın. Siz bilmərsiz, necə acıdır zibilliyi eşib oradan yeməli qida tapmaq. Evə əliboş qayıdanda qapını açıb içəri girən zaman balalarının sənə zillənmiş ümidlə baxan gözlərini görmək qədər dəhşətli görüntü yoxdur. Allah heç kimi bu vəziyyətə salmasın. Ali təhsilliyəm nə olsun?! Heç bir yerdə iş vermirlər. Hər kəs işə düzəltmək üçün pul istəyir".



7 manata villa təmizləmişəm

29 yaşlı Nərmin Ələsgərli isə Zabrat sakinidir. 4 ilin gəlinidir. Özü Maştağadakı, yoldaşı isə Zabratdakı qul bazarına gedir: "4 ildir evliyəm. Amma bu 4 ildə bir gün üzü görmədim. Qoşulub qaçdım. Sevirdim. İndiki halım isə göz qabağında. Üzümə şarf bağlayıb dayanıram ki, yoldan keçənlər tanımasın kiməm. Qohumlarım, ailəm heç kim bilmir burada olduğumu. Bunun nə qədər ağır olduğunu anlaya bilmərsiniz. Sanki ətrafımızdakı bütün gözlər sənə baxır, nəsə pis bir iş görmüşəmmiş kimi. Yoldaşım da, mən də bir tikə çörək ümidi ilə uşağımızı qonşuya qoyub günəş doğmamış evdən çıxırıq. Günü 10-12 manata işləyirik. O da olandan olana. Burada hər gün iş olmur. Ev yığışdırmaq, paltar yumaq, parnikdə işləmək, yun çırpmaq, hətta tualet təmizləmək işinə belə getmişəm. İnsan çarəsiz olan zaman hər yola əl atır. 2 mərtəbəli villaya təmizliyə aparmışdılar məni. 25 manata danışdıq. Sevindim ki, ən azı 2-3 günlük çörək pulumuz var. İşi bitirib təhvil verən zaman mənə 7 manat pul verdilər. Etiraz etdikdə isə dedilər ki, ya pulu götür, ya da heç nə vermirik. Çarəsiz şəkildə heç yoxdan yaxşıdır deyib aldım".



3 uşaq anasını zorlayıb yol kənarına atdılar

32 yaşlı Şahnaz isə əvvəl deməsə də, sonradan söhbət zamanı etiraf etdi ki, yoldaşı Rusiyaya işləmək üçün gedib və orada bir qadınla ailə quraraq yaşamağa başlayıb: "O zamandan bu yana 2 balamı saxlamaq üçün onun-bunun sözünü götürərək qapılarda işləyirəm. Təki onlar oxuyub təhsil alsın və özlərinə bir gün ağlasın. Günü-günə qataraq dolanırıq. Demək olar işin çətinliyinə, ağırlığına baxmayaraq hər işə gedirəm. Çünki evdə məni gözləyən iki balam var. Elə zaman olur ki, işlədirlər pulumuzu belə vermirlər. 1 ay bundan qabaq pulumu verməyib qovladılar. Qapılarında saatlarca oturub ağladım, amma heç bir faydası olmadı. İşlərə gedərkən ehtiyyatlı davranırıq. Başımıza hər şey gələ bilər. Bir müddət əvvəl bir imkanlı adam təmizlik işi adı ilə burada bizimlə dayanan 3 uşaq anası olan qadını aldadıb yekə bir "CİP"-ə mindirib apardı. Sonradan xəbərimiz oldu ki, onu zorlayıb, möhkəm döyərək yol qırağına atıb. Heç kim istəməz isti evini qoyub bura gəlsin. Allah bizim taleyimizi belə yazıb".



Aralarında fahişələr də var

Qul bazarındakı qadınlar fotolarını çəkməmizə icazə verməsələr də, bir az uzaqdan - Murad adlı oğlanın dükanından gizli formada bir neçə foto çəkməyə müvəffəq olduq. Muradla qısa söhbətdən məlum oldu ki, qul bazarına işləməyə gələn qadınların hamısı ehtiyac üzündən burada deyil: "Aralarında əxlaqsızlıqla məşğul olanlar da var. Günün günorta çağında avtomobillərə yaxınlaşaraq müştərilərlə qiymət danışırlar. Bunların üzündən halal zəhməti ilə pul qazananlara da başqa cür baxılır".



Cəhənnəmi bu dünyada yaşayanlar...

Onlar nə istəyir? Onların tək istəyi normal maaşlı bir işdir. Digərləri kimi rahat işə gedib, başqalarının kəm baxışlarından qurtulmaqdır. Xəyallar qurub, gələcəyə ümidlə baxmaqdır. Hər gün səhər açılmamış qul bazarına gəlmək əvəzinə, isti yatağında yatmaqdır. Zülmətdən qurtulmaq, ağ günə çıxmaqdır. Onlar cəhənnəmin ağrısını, əzabını bu dünyada çəkirlər. Onlar cəhənnəmi bu dünyada yaşayırlar. Onlar artıq "kişi" yox, qadın olmaq istəyirlər!




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!