Çörək deyə-deyə ağlayırdılar... - 3 uşağı ilə küçəyə atılan qadın

Çörək deyə-deyə ağlayırdılar... - 3 uşağı ilə küçəyə atılan qadın
Xəbərlər
10.09.2017 12
Hər
gün dünyada onminlərlə qadın müxtəlif formalarda zorakılığa məruz
qalır. Bu qorxulu statistikanın bir hissəsi də Azərbaycanın hesabına
formalaşır. Bizdə də hər gün onlarla qadın fiziki, mənəvi, psixoloji və
s. zorakılıqla üzləşir. Bütün bunlar isə, adətən, ailə içərisində baş
verir. Lakin sonradan "qırmızı xətt” keçilir, münaqişələr böyüyür,
ailələrin dağılmasına, uşaqların erkən yaşlardan travma almasına, hətta
qətllərə qədər gedərək ümumilikdə cəmiyyət üçün bəlaya çevrilir. Bu
bəladan qurtulmaq üçünsə medianın da üzərinə xüsusi vəzifə düşür:
problemi üzə çıxarmaq, araşdırmaq, işıqlandırmaq, çıxış yollarını
göstərmək...

 

Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

 

...
Bir qadın düşünün. Öz adından başqa bir söz belə yazıb-oxuya bilməyən.
16 yaşında ailə quran, 17 yaşında ana olan və artıq 24 yaşında 3 uşaq
sahibi qadın. Amma 3 uşaqdan yalnız sonbeşiyinin doğum tarixini bilir.
Çünki hərf tanımır, rəqəm tanımır...

 

İki
dəfə ailəli olub, həyat yoldaşlarının heç birinin soyadını bilmir. Heç
hansı ildə yaşadığımızdan da xəbəri yoxdur. Nə özünün, nə də uşaqlarının
bu həyatda varlığını təsdiq edən bir sənəd var...

 

Sanki
Mirzə Cəlilin əsərlərindən çıxıb gəlib... Üzündə don ifadə var.
Həyatını danışır, mənim dərk etməyə belə çətinlik çəkdiyim hadisələri o
yaşayıb. Əvvəl qınayıram onu. Axı insan necə bu qədər aciz ola bilər...

 

O
da etdiklərindən peşmandır. "Kaş o səhvi etməzdim” deyir. İkinci dəfə
ailə qurmağına, sonradan doğulan iki uşağına görə peşmandır.

 

İndi
nə ailəsi, nə də, necə deyərlər, uğrunda ailəsindən imtina etdiyi adam
onu qəbul edir. Son ümidi, sığınacaq yeri "Təmiz Dünya” qadınlara yardım
İctimai Birliyinin sığınacağıdır. Biz də onunla elə bu sığınacaqda
görüşüb danışdıq...

 

Günaygil 5 uşaq olub ailədə. O, ailənin ilk uşağıdır. İlk uşaq əziz olur, deyirlər. Amma Günay (ad şərtidir –red.)
40 günlük olanda valideynləri onu nənəsinin yanına qoyub Rusiyaya
gedib. Daha sonra 3 bacısı və bir qardaşı olub. Rusiyada işləri yaxşı
getmədiyindən, ailə geri qayıdıb. Qızlardan ikisini uşaq evinə qoyublar,
Günay bir bacısı və qüsurlu qardaşı ilə birlikdə nənəsinin yanında
qalıb. Atası adam öldürdüyünə görə 12 il həbs cəzası alıb. Cəzasını
çəkib, çıxıb. Amma azadlıqda çox qala bilməyib, yenidən həbsxanaya
qayıdıb. Anası isə o vaxtdan  paytaxtda müxtəlif restoranlarda işləyib.
İndi 7 nəfərlik ailə tam dağılıb. Qızlar bir tərəfdə, ana isə qüsurlu
oğlu ilə birlikdə başqa yerdə.

 

16 yaşında ər evində...

 

Valideyn
qayğısı, himayəsi görməyən Günay  heç vaxt məktəbə getməyib: "Heç
deməmişəm də ki, məktəbə qoysunlar. İmkanları olmayıb axı. Bizimlə qalan
bacım, qardaşım qonşu uşaqlarından yazmağı, oxumağı öyrənib, o birilər
də uşaq evində, amma mən heç nə bilmirəm. Mən ancaq nənəmin işlərini
görmüşəm. Evin həm kişisi, həm qadını olmuşam uşaq yaşımda. Heyvanlara
mən baxırdım, əkin sahəmiz var idi, orda da mən işləyirdim. Elə o
vaxtdan xəstəlik tapmışam, bronxitəm”.

 

Günləri
əkin-biçinlə, mal-heyvana baxmaqla keçən Günayın həyatı bir gün
dəyişir. İllər boyu kölə kimi işlədən nənəsi onun artıq ailə qurmaq
yaşının çatdığına qərar verir.

 

Günay
deyir ki, 16 il onunla maraqlanmayan anası da uzaq qohumları ilə ailə
qurmağa təhrik edib: "Hər şey birdən-birə oldu. Həmin adam nənəmin
qohumu idi. Qohum olsa da, onu heç vaxt görməmişdim. Heç tanımırdım. Bir
gün gəlib dedilər ki, ərə gedəcəksən. Heç fikrimi soruşmadılar. Dul
qadını aparan kimi mən gəlin köçdüm. Çalğı ancaq nənəmgilin həyətində
oldu. Səhəri günü evdə toy kasetinə baxırdılar. Maraqla kimin toyu
olduğunu soruşdum. Həyat yoldaşımın məndən əvvəl bibisi qızı ilə ailə
qurduğunu, 1 uşağı olduğunu öyrəndim. Amma geri qayıda bilməzdim.
Axı bir günün gəlini necə qayıda bilərdi? Anam, nənəmgil hamısı onun
evli olduğunu bilib, amma məni başlarından etmək istəyiblər. 2 il onun
yanında qaldım. Özü işləmirdi. Nənəsi turşu satırdı, ona kömək edirdi.
İki ildə bir günüm belə sakit keçməyib. Məni istəmirdi, elə mən də onu
istəmirdim. İkimiz də nənələrimizin istəyi ilə ailə qurmuşduq. Nənəsinin
məni ona zorla aldığını deyirdi. İşləmirdi, amma içkisindən də
qalmırdı. Dəfələrlə məni qonşuya göndərib ki, borc alım, içki alsın
özünə. Çox vaxt evə  içkili gəlir, bütün günü dava edir, məni döyürdü.
Atası narkoman idi, bəzən onun yanına gedirdi. Həftələrlə onun yanında
qalırdı, evə gəlmirdi”.

 

Zaman
keçdikcə, Günay artıq ərinin hərəkətlərinə dözə bilmir. Bir gün də
evdən çıxır, gəlin köçdüyü kimi, səssiz-sədasız da qucağında uşağı ilə
nənəsinin yanına qayıdır. Sonradan yoldaşı onu geri qaytarmaq istəsə də,
razılaşmır. Amma bundan sonra həyatı heç də asan olmur: "Xalam bizim
nənəmin evində qalmağımıza görə qısqanclıq edirdi. Özü imkanlı olsa da,
nənəmin evinin ona qalmağını istəyirdi. Onsuz da nənəm öləndən sonra hər
şeyi xalama qaldı. Hər dəfə nənəmgilə gələndə danışırdı. Nənəm də artıq
qocalmışdı. Nənəmin iki evi var idi, birində fəhlələr kirayədə qalırdı.
Bir müddət sonra oradakı fəhlələrin biri ilə münasibətim yarandı. Mənə
subay olduğunu, Bakıda yaxşı imkanının olduğunu demişdi. Onda onun 33,
mənim 18 yaşım var idi. Onu həm sevdim, həm də o, mənim çıxış yolum idi.
Çünki orada asılı idim, düşünürdüm ki, Bakıya getsəm, yaxşı yaşayacam.
Öz evim, ailəm olacaq. Kənddə iki-üç ay qaldıq. Sonra məni və uşağımı
götürüb Bakıya qardaşıgilə gətirdi. Burda onun evli, hətta iki böyük
uşağının olduğunu öyrəndim. Yaşlarını bilmirəm, amma məni boydaydılar.
Anamgil mənə zəng etdilər ki, geri qayıdım. Xalam o vaxtdan məndən
küsüb, bütün qohumlarım üz döndərib. Yoldaşımın qardaşıgil də geri
qayıtmağımı məsləhət gördülər. Amma qayıda bilməzdim, axı adım çıxmışdı.
Kənddən çıxmışdım, hamı necə getdiyimi bilirdi. Qayıtsam, hərə bir söz
deyəcəkdi. Həm də ona inanmışdım. Elə fikirləşirdim ki, o da məni
sevir...”

 

Yağışdan çıxıb, yağmura düşdü...

 

Beləcə
illər keçir və Günayın nikahsız yaşadığı ikinci ərindən də bir oğlu,
bir qızı dünyaya gəlir. Amma çətinlikdən, əzab-əziyyətdən qurtara
bilmir. Bir müddət sonra problemlər başlayır: "İçki içirdi, pulumuz
olmadığına görə tez-tez kirayə ev dəyişirdik. Elə olurdu ki, ev sahibi
bizi tapmasın deyə, "podvalda” qalırdıq. Evpulu verə bilmirdik,
əşyalarımızı kirayə qaldığımız evdə qoyub çıxırdıq. Hər dəfə təzə evə
gedəndə qonşulara yalandan əşyalarımın kənddə olduğunu deyirdim. Biz ac
olsaq da, o, qazandığı pulla kafelərdə yeyib-içirdi. Elə olub ki,
uşaqlarım çörək deyə-deyə yatıb, amma o, evə içkili halda gəlib. İçib
yatsaydı, heç nə deməzdim. Amma dava edirdi, bizi küçəyə atırdı. Elə
vaxt olurdu ki, küçədə maşınların arasına sığınıb qalmışam. İnsaflı
qonşu olanda evinə aparırdı, gecəni orda qalırdım. Hərdən də evdən
çıxaranda bacımgilə gedirdim. Amma cibimdə avtobusa verməyə 20 qəpiyim
olmurdu. Dəfələrlə eyni yolu dövrə vurmuşam, axırda yanımda oturan
qızdan-qadından xahiş etmişəm ki, yolpulumu versinlər...

 

Bir
dəfə Zaqatalada işləyirdi, biz də onun yanında idik. Bir gün yenə də
içib gəlmişdi. Məni evdən çıxarıb küçəyə atdı. Uşaqları da götürüb
Bakıya  yola düşdüm. Amma pulum yox idi, yolda anama zəng etdim,
qabağıma çıxıb avtobusun pulunu verdi...

 

İçməyəndə
normal olurdu. Ayılandan sonra deyirdi ki, "yaxşı ki qaçırsan,
yoxsa öldürərəm səni”. İçkili olanda həmişə birinci dəfə ailə qurmağımı,
uşağımı başıma "vururdu”. "Yetiminə baxıram sənin, hələ səsin
çıxır mənə söz deməyə?” - deyə qışqırırdı. Mən heç nə deyə bilmirdim,
halbuki əvvəldən uşağım olduğunu bilirdi. Amma məni heç vaxt ailəsi kimi
görməyib, özünə yaraşdırmayıb. Əvvəlki ailəsini və uşaqlarını əziz
tuturdu. Hərdən fikirləşirəm, kaş sonradan iki uşağım olmazdı...”

 

Sığınacaqda...

 

Günayın
bütün bu əzablara dözməsinin əsas səbəbi isə gedəcək yerinin, qapısını
döyəcəyi bir doğmasının olmamasıdır. Anası onu qəbul etmir. Bacılarının
da ailələri var, onların yanına sığına bilmir. Bir subay bacısı var, o
da Günayı istəmir. Ona görə də həyat yoldaşının bütün əzablarına dözür.
Dəfələrlə evdən getsə də, geri qayıdır. Ancaq bir gün hər gecə küçələrə
atılmaqdan, təhqir olunmaqdan, ac-susuz qalmaqdan bezir. Və növbəti dəfə
evdən qovulanda bir daha qayıtmayacağına söz verir:"Yenə içkili gəlib
dava saldı. Uşaqlarımla birlikdə küçəyə çıxartdı. Uşaqlarım ev
paltarında idi, ayaqlarında ayaqqabı belə yox idi. Avtobusa
mindik, uşaqların kirvəsigilə getdik. Heç nə fikriləşmirdim, səhər
açılanda nə olacaq deyə düşünmürdüm. Sadəcə, ordan getmək istəyirdim.
Avtobusda hamı uşaqlara baxıb gülür, onları belə vəziyyətdə küçəyə
çıxartdığıma görə məni danlayırdılar. Bir rus qadın məni avtobusdan
düşürtdü. Vəziyyətimi başa düşdüyünü dedi. Bir açıq mağaza tapıb
uşaqlarıma papaq, şarf aldı. Məni uşaqların kirvəsigilə apardı, öz
nömrəsini, bir də 40 manat da pul verdi. Sabah tezdən o qadına zəng
etdim, gəlib məni bura gətirdi. Hələ ki, burdayam...”

 

Başına
gələnlərə baxmayaraq Günay inanır. Uşaqlarına təkbaşına yaxşı gələcək
quracağına inanır: "Əvvəl uşaqlarımın ikisini uşaq evinə qoymaq, qızımı
bacımın yanına qoymaq istəyirdim. Fikirləşirdim ki, özümə də ev tutaram,
işləyərəm, axşamlar da qızımı götürərəm. Sonra fikirləşirəm, bəlkə,
qızımı da uşaq evinə qoyum. Hələ dəqiq qərar verməmişəm. Amma nə iş
olsa, işləyəcəm. Təki uşaqlarıma baxa bilim. Ancaq onları heç kimə
vermək istəmirəm...”

 

İkinci
dəfə ailə qurmasına görə çox peşmandır. Axmaq, sadəlövh olduğuna görə
belə həyat yaşadığını düşünür. Düşdüyü vəziyyətdən çıxış yolu isə çox da
sadə deyil. Özünün doğum haqqında şəhadətnaməsi itib, şəxsiyyət
vəsiqəsi isə ümumiyyətlə olmayıb. Uşaqlardan biri evdə, ikisi
xəstəxanada olub. Amma doğumlarını təsdiq edən heç bir sənəd yoxdur.
Uşaqların atasının soyadını belə bilmir. Bütün bunları təsdiq etmək isə
heç də asan deyil. O isə inanır. Çətin vaxtlarında qarşısına yaxşı
insanların çıxdığını deyir. Axı avtobusdakı o qadın olmasaydı, bəlkə,
yenə ərinin yanına qayıdacaq, ya da başına nələr gələcəkdi...

 

İndi də sığınacaqdakı vəkillər onun və uşaqlarının gələcəyi üçün çalışır. Bəlkə də, hər şey onun inandığı kimi olacaq...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!