Şou-biznes Müğənni Leyla: itimi övladım qədər sevirəm - FOTOLAR

Şou-biznes Müğənni Leyla: itimi övladım qədər sevirəm - FOTOLAR
Xəbərlər
10.09.2017 4
Uşaqlıqdan heyvanları sevir və evində saxlayır. Düşünür ki, insanlar
sevgini, sədaqəti, inamı, etibarı məhz heyvanlardan öyrənməlidir. Özünün
də dediyi kimi, bu dilsiz varlığa o qədər bağlıdır ki, həyatını onsuz
təsəvvür edə bilmir.

Müğənni Leyla Babayevanın Deenis adlı 3 yaşında iti var. İnsanlar
Deenislə o qədər maraqlanır ki, Leyla iti haqqında məlumatları çatdırmaq
üçün İnstaqramda ona hesab açıb. Biz də Deenisin İnstaqram hesabına
daxil olub onunla dost olduq və Deenisin sahibəsiylə daha ətraflı
danışmaq qərarına gəldik.



"Heyvanı incitmək olmaz"



Leyla Babayeva vaxtını heyvanlarla keçirməkdən zövq alır. Onun sözlərinə
görə, 10 yaşına qədər it və pişik saxlayıb. Heyvanların təmənnasız
sevgisi ona xüsusi zövq verir. Öz iti Deenisə o qədər bağlıdır ki, onu
övladı qədər sevir. Müsahibimizin sözlərinə görə, onun heyvan sevgisi,
hobbisi artıq həyat tərzinə çevrilib: "Uşaqlıqdan heyvanlara böyük
marağım olub. 10 yaşıma qədər it-pişik saxlayırdım. Sonra şərait
olmadığı üçün ara vermək məcburiyyətində qaldım. Artıq 3 ildir
həyatımızda Deenis var. Deenisi körpə vaxtından saxladığım üçün onu öz
uşağım qədər sevirəm".



Həmsöhbətimiz deyir ki, Deenisin ən çox sevdiyi cəhəti işdən evə gələndə
onu sevinclə qarşılamasıdır: "Deenisin mənə göstərdiyi məhəbbət,
təmənnasız istək mənə ləzzət edir. Heç nə güdmür, sırf səni istəyir və
sən bunu hiss edirsən. İnsanlardan fərqli olaraq, yalanı yoxdur.
Təmizliyinə, qulluğuna anam nəzarət edir. İşdə olduğum üçün çox nəzarət
edə bilmirəm. Amma ana öz övladına necə qulluq edirsə, biz də Deenisi
elə saxlayırıq. Çünki heyvan saxlamaq bunu tələb edir. Heyvanların da
özünəməxsus şıltaqlıqları olur. Onlarla baş etmək üçün səbrli olmaq
lazımdır. Heyvanı incitmək olmaz".



"Necə ki ailəm, o da elə..."



Müsahibimiz deyir ki, Deenis artıq hobbi olmaqdan çıxaraq onun həyatının
bir parçasına çevrilib: "Mənim it sevgim artıq hobbilikdən çıxıb. O
mənim həyatımın bir parçasıdır. Necə ki ailəm, o da elə. Deenis olmasa
elə bilərəm həyatımda çox şey yoxdur".



Həmsöhbətimiz Deenisin onu təəccübləndirən xüsusiyyətlərindən də
danışdı: "Deenisin məni ən çox təəccübləndirən xüsusiyyəti onun çox şeyi
başa düşməsi və anlamasıdır. Başqa heyvanlarla müqayisədə çoxbilmişdir.
Həddindən artıq hissiyyatlıdır. Mən tez-tez işə gedib-gəldiyim üçün
mənim evdən getməyimə öyrəşib. Amma anam bütün günü evdə olduğu üçün
onun getməyinə aqressiv yanaşır. O dərəcədə həssasdır ki, anam
paltarlarını dəyişmək üçün şkafa tərəf gedəndə belə hiss edir və
aqressiyasını bildirir. Sanki deyir ki, getmə. Telefon zəngini belə hiss
edir. Məsələn, başqaları anama zəng vuranda başqa reaksiya verir, mən
zəng edəndə fərqli reaksiyası olur".



"Onu itirməkdən qorxuram"



Həmsöhbətimiz deyir k, itini o qədər sevir ki, onu itirməkdən qorxur.
Onun sözlərinə görə, heyvan elə varlıqdır ki, onunla birlikdə yaşadıqda
bağlanmamaq mümkün deyil: "Mən onu itirməkdən çox qorxuram. Əvvəl bu
dərəcədə düşünmürdüm, amma Deenis həyatıma girəndən sonra düşünürəm ki, o
olmasa, necə olar? Niyə onların ömrü azdır? Çox pis oluram. Düzdür, heç
kim bilmir nə qədər yaşayacaq, amma faktiki olaraq onun ömrü azdır.
Özünü o qədər sevdirir ki... Məsələn, mən Deenisi evə gətirəndə anam
razı deyildi. İki-üç gün sonra anam o qədər öyrəşdi ki, özü Deenisdən
ayrıla bilmirdi".



Müsahibimiz sonda insanları heyvanlara qarşı aqressiv olmamağa, onlara
qayğı göstərməyə çağırdı: "Bəzi insanlara heyvanlarla bağlı deyiləsi o
qədər sözüm var ki... İnsanların duyğuları, hissləri, fikirləri,
yanaşmaları fərqli olur. Mən küçə itlərini görəndə çox pis oluram, az
qalıram ağlayam. İmkanım olsa, böyük bir yer tikdirib küçədəki bütün
heyvanları ora yığaram. İnsanlara demək istəyirəm ki, ən azından Allah
bizə istədiyimizi demək üçün dil verib. İmkanı olmayan şəxs küçədə
dayanır, dilənib pul istəyir, dərdini kiməsə deyə bilir. Amma
heyvanların buna imkanı yoxdur. Bunları bilməliyik. Küçədəki heyvana su,
çörək verə bilərik. Biz insanların heyvanlardan öyrənəcəyi çox şey var.
İnsanlar sevməyi, istəyi, sədaqəti heyvanlardan öyrənsinlər və onları
sevsinlər. İnanın, qarşılığını mütləq verirlər və səni təmənnasız
sevirlər".






 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!