Müğənni Elnarə: Hər halımla gözələm

Müğənni Elnarə: Hər halımla gözələm
Xəbərlər
10.09.2017 18
Müğənni Elnarə Xəlilova keçmişi üçün darıxmadığını deyir



Bu gün şou aləmində səsləri ilə sözünü deyən, öz dəst-xətləri ilə gündəmə möhürlərini vuran ifaçılar barmaqla sayılası qədərdir. Onların oxuduqları mahnılar tez bir zamanda hitə çevrilir, tamaşaçıların qəlbinə asan şəkildə yol tapır. Elə müsahibim Elnarə Xəlilova kimi. O, ifa tərzi, mahnıları, efir mədəniyyəti ilə özünə kifayət qədər fanat ordusu toplamağı bacaran sənətçilər sırasındadır. 



Hər zaman pozitiv, gülərüzlü olan müsahibimiz bizimlə söhbətində istirahətindən, səhnə prinsiplərindən, ailəsinə verdiyi dəyərdən danışdı.



- Elnarə xanım, bu isti yay günlərində necə dincəlirsiniz?

-Bu yay rahat şəkildə istirahət edə bilmədim. Ümumiyyətlə, müsəlmanlara dincəlmək və çox yatmaq "haramdır" (gülür). İndi məzuniyyət vaxtıdır. Hər kəs bu mövsümdən istifadə edib dincəlir. Mən isə belə bir vaxtda işləyirəm. Həyat yoldaşımla beş günlük şəhərdən kənara çıxsaq da, qayıtmaq məcburiyyətində qaldıq. Əgər buna istirahət deyirlərsə, xeyli istirahət etmişəm. 



- İstirahətinizə mane olan nə idi?

- Elə hesab edirdim ki, istirahət zamanı həyat yoldaşım da yanımda olacaq. Ancaq onu işlə bağlı geri çağırdılar. Rahat dincələ bilmədik. Mövsüm hələ bitməyib. Yenə harasa getməyi planlaşdırıram. Yoldaşım məzuniyyət götürən kimi onunla bu şəhərdən qeyb olacağıq. Çox istərdik ki, telefonları söndürüb Bakıdan çıxaq və bizi axtaran olmasın. Ürəyimiz istəyən kimi istirahətə ehtiyacımız var. 



- Üç övlad böyütmək, onlara qulluq etmək asan məsələ deyil. Bu qədər işin içərisində yaradıcılığınıza necə vaxt ayıra bilirsiniz?

- Üç övlada baxmaqla yaradıclığıma da vaxt ayırıram. Bəzi həmkarlarım deyirlər ki, kənardan tənbəl görünürəm. İstedadıma görə öz üzərimdə az işlədiyimi bildirirlər. Kaş ki, hamı mənim kimi tənbəl olsun. Çünki özümü tənbəl hesab etmirəm. Təbii haldır ki, vaxtımın çoxunu uşaqlarım alır. Həyatımı onların qrafikinə uyğun şəkildə qurmuşam. Mənim üçün birinci yerdə ailəm, uşaqlarım, həyat yoldaşım gəlir, sonra isə o biri amillər. Ailəmdən artıq qalan vaxtımı bacardığım qədər yaradıcılığıma sərf edirəm. İl ərzində 5-6 dəfə reklam çarxlarında çəkilirəm. Bir çox layihələrdə həm münsif kimi, həm də ifaçı kimi yer alıram, xeyriyyə tədbirində iştirak edirəm. Bir sözlə, sosial yönümlü heç bir tədbirdən geri qalmıram. Bütün maraqlı tədbirlərdə varam. Hiss edirəm ki, get-gedə "sosial ledi"yə çevrilirəm. Bu da mənim vaxtımın çoxunu alır. 



- Övladlarınızı yatızdırarkən lay-lay oxuyursunuz, yoxsa elə öz repertuarınıza müraciət edirsiniz?

- "Ana laylası" mənim repertuarımda da yer alıb. Uşaqları yatızdırarkən köməyimə müasir texnologiya olan "YouTube" çatır. Belə ki, "YouTube"dan laylaları yükləyirəm və ondan istifadə edirəm. Ən maraqlısı da odur ki, axtarışa verəndə ilk mənim ifa etdiyim "Lay-lay" gəlir. Oradan laylalar və milli nağıllarımızı yükləyirəm. Övladlarımı bu şəkildə yatızdırıram. Bəzən olur ki, uşaqları yatızdırarkən canlı şəkildə özüm də oxuyuram. 



- Bir zamanlar Azərbaycan şou səhnəsinin çılğın, ərköyün qızı olan Elnarə o illər üçün darıxırmı?

- Hazırda Azərbaycan şou səhnəsinin çılğın, ərköyün qızı olan o Elnarədən əsər-əlamət belə qalmayıb. O dəliqanlılıq, çılğınlıq qız vaxtlarımda qaldı. Hər yaşın öz gözləlliyi var. 20-25 yaşım olanda o ərköyünlüyü edirdim. Çünki o yaş dövrüm üçün etdiyim hərəkətlər mənə yaraşırdı. Yaş insanı dəyişdirir. Ana olandan sonra qadın tamamilə dəyişir. Ana olanlar məni yaxşı başa düşərlər. Bu gün Elnarə o vaxtlar üçün darıxmır. O vaxtlar ürəyim istəyən kimi hərəkət etmişəm. Yaşıdlarım klassik mahnılara, geyimlərə müraciət edəndə mən müxtəlif üslublu mahnılar ifa edirdim. Hazırda yenə də onlar həmin monoton mahnıları oxumağa davam edirlər. Bu gün yenə də həmin klassik geyimlərdə, həmin repertuarda efirlərdədirlər. Yəni illər ötsə də onlar özlərini yenə də təkrar edirlər. Bunu deməkdən çəkinmirəm. Düzdür, buna pis baxmıram. Ancaq neçə ildir sənətdə olan ifaçı kimi, musiqi tənqidçisi kimi bunu şərh etməyə ixtiyarım var. Təhsilim məni əvvəlki Elnarə üçün darıxmağa qoymadı. Sənətdə olduğum bu illər ərzində muğam, caz, hip-hop ifa etdim. Hətta rep də oxudum. Bir meyxana ilə ariya qalıb (gülür). Onlara da müraciət edəcəm. Demək olar ki, bütün musiqi janrlarında ifa etmişəm. Hətta texno-musiqi da oxumuşam. Məhz bu səbəbdəndir ki, keçmişim üçün darıxmıram. Repertuarıma baxanda əminliklə deyə bilərəm ki, gənclərə örnək ola biləcək bir məktəblik iş görmüşəm. İndi də görürəm ki, gənclər yaxşı nümunə götürürlər. Bunu görüb çox sevinirəm ki, kiməsə yaxşı nümunə olmuşam. Bu mənim üçün sevindirici haldır. Hazırda o vaxtları təkrarlamıram. Hətta bu gün belə, olduğum yerdə addımlamıram, daim axtarışdayam. Yeni layihə hazırlayanda ondan öncə ifa etdiyim mahnılarla müqayisə edirəm ki, o birisinin təkrarı olmasın. İfa etdiyim mahnların mətnləri fərqli olmalıdır. Xüsusən üç övlad anası olandan sonra qızlara sətiraltı mesajlar ötürməyə başlamışam. Misal üçün, repertuarımda olan Murad Arifin "Ay qız, oyan", Vüqar Camalzadənin "Yalnızlıq", Sevda Məmmədlinin "Səni arzularam" kimi və sair mahılarımda böyük sətiraltı mesajlar var. İllər ötdükdən sonra yəqin bunu başa düşərlər. Şükürlər olsun ki, bugünkü Elnarədən çox razıyam. Özümü çox rahat hiss edirəm. Hazırkı statusuma görə özümü sudakı balıq kimi hiss edirəm. Ailəli, 3 uşağı olan Elnarə yalnız bu formada ola bilərdi. 



- Elnarənin sevincinə kədərlənənlər çox olub, yoxsa kədərinə sevinənlər?

- İkisi də eyni şeydir. Paxıl adam mənim sevincimə kədərlənə bilər. İnsan nə qədər qurdlu olmalıdır ki, başqasının sevincinə kədərlənsin... Bir insanın kədərinə necə sevinmək olar? Kiminsə pis olmasına yalnız kədərlənə bilərəm. Düşmənimin belə, kədərinə sevinə bilmərəm. Ancaq "Allah köməyi olsun" deyə bilərəm. Sevincimə kədərlənən insanları heç vaxt anlamıram. Bu, ancaq paxıl insanların işidir. Belə hisslər mənə yaddır. Özlüyümdə kiməsə həsəd apara bilərəm. Misal üçün, Beyonsenin konsertinə, onun performasına baxanda həsəd aparıram. Arzulayıram ki, mən də elə konsert verim. Ancaq buna görə heç vaxt kədərlənə bilmərəm. Bugünümdən çox razıyam. Tanrıma min şükür, Allah mənə nə veribsə, ona görə tək-tək Ona təşəkkür edirəm.



- Səhnə prinsipləriniz varmı?

- Əlbəttə var. Özü də o qədərdir ki... Səhnəyə çıxanda xoşuma gəlmir ki, tamaşaçı da mənimlə eyni səhnəyə çıxsın. Düzdür, bu, xaricdə də, Azərbaycanda da olur. Bizdə isə daha çox baş verir. İnsanlara izah edə bilmirəm ki, səhnə bir pillə hündürdədir. Bu gün burada mən dayanmalıyam. Əgər burada dayanmaq üçün seçilmişəmsə, o nöqtədə yalnız Elnarə dayanmalıdır. Mənimlə bərabər adi tamaşaçının dayanması düzgün deyil. Çünki dayandığım o səhnə mənim üçün müqəddəsdir. Orada dayanmaq üçün illərimi xərcləmişəm. İllərlə iynə ilə gor qazmışam, əziyyət çəkmişəm ki, mən bu gün o səhnədə dayanım. Müqəddəs bildiyim həmin səhnədə kimsə çıxıb şəkil çəkdirəcək, qulağıma söz deyəcəksə, bu, mənim üçün normal deyil. Bu, mənim səhnə prinsiplərimə yaddır. Hər dəfə səhnəyə çıxanda elan edirəm ki, gözləyin, mən çıxışımı bitirim, ondan sonra kənarda nə qədər istəyirsiniz, şəkil çəkdirərik. Tamaşaçıları da anlayıram, onların istəklərini yerinə yetirirəm. Yəni heç zaman, heç kimin qəlbini qırmıram. Yalnız səhnəyə çıxmaq olmaz. Müəyyən şeylər var ki, səhnədə onlara riayət etmək lazımdır. Misal üçün, səhnənin öz geyimləri var. Elə ifaçılar var ki, səhnəyə ev və ya mətbəxdə işlədiyi geyimlə çıxır. Dəfələrlə bunun şahidi olmuşam. Adi tamaşaçı da bunu görəndə məndən soruşur ki, bu niyə belə geyinib? Bu, mənim üçün anormal haldır. Səhnəyə çıxanda ifaçı gərək səhnə geyiminə, saçına fikir versin. Hərdən məndə də bu kimi hallar baş verir. Belə ki, efirə saçlarım qıvrım, təbii halımla çıxıram. Bu da həmişə olmur. Hiss olunur ki, səhnəyə bir o qədər hazırlaşmamışam. Lakin mən Elnarəyəm, artıq tamaşaçı məni tanıyır. Hesab edirəm ki, mənə bunu tək-tük hallarda etmək olar. Çünki mən ulduzam, hər halımla gözələm (gülür). Makiyajsız da, təbii halımla da insanlara maraqlı gəlirəm. Tamaşaçılar hər zaman bizi makiyajla görüblər. Onlara bizim təbii görünüşümüz də maraqlı gəlir. Mənim əsas prisipim odur ki, səhnə müqəddəsdir, ora hazırlaşmaq lazımdır. Hazırlaşmaq deyərkən təkcə səsi nəzərdə tutmuram, hər baxımdan- geyim, insanlarla münasibət, saç düzümü və sair.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!