Ramazan ayı ilə bağlı FƏTVA

Ramazan ayı ilə bağlı FƏTVA
Xəbərlər
10.09.2017 12
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs ramazan ayının başlanması münasibətilə fətva verib.

Nu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclası keçirilib. İclasda müqəddəs ramazan ayının başlanması münasibətilə fətva verilib.

Bu il Azərbaycanda miladi təqvimlə 7 iyun, hicri tarixlə ramazan ayının birinci günü, Eydül-Fitr (Fitr bayramı) isə iyulun 6-na təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Fətvada deyilir: "Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-taaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Ramazani-şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası aşağıdakıları bəyan edir: Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazimizin üfqünə uyğun olaraq ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 07 iyun 2016-cı ilə təsadüf edəcəkdir. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaqdır. Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə uca yaradan tərəfindən vacib buyurulmuşdur.

Müqəddəs Kitabımız Qurani-Şərifdə bu barədə ayələr vardır: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (bu ibadət vasitəsilə pis əməllərdən) çəkinəsiniz!" (Bəqərə, 183). Həzrəti peyğəmbərdən nəql olunan qüdsi hədislərdə orucluğun Allah-taalaya aid olduğu və mükafatının da məhz uca Allahın özü tərəfindən veriləcəyi bildirilmişdir. Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir. Mərhəmət və şəfqət ayı olan müqəddəs ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir.

Bu ayda ən böyük savab - Quranı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib etmişdir. Bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, eləcə də dindarlarımızdan tələbimiz budur ki, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət edilməsin.

Əminik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi olacaq, kütləvi informasiya vasitələri və sosial media məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan bu təqvimin təbliği və yayılmasına məsuliyyətlə yanaşacaqdır. İnşallah, Eydül-Fitr - Ramazan bayramı şəvval ayının 1-i - Ayın üfqi ərazimizdə görünməsinə istinadən iyul ayının 06-na təsadüf edəcəkdir. Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu bayramlar dövlət səviyyəsində qeyd olunur.

Bu, dövlətimizin dini dəyərlərə ehtiram və qayğısının təzahürü, din-dövlət münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır və dindarlar tərəfindən həmişə minnətdarlıqla qarşılanır. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcəkdir. Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin.

Duaların qəbul olunduğu mübarək ramazan ayında biz müstəqilliyimizi əbədi edən ulu öndər Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük işlər görən dövlət rəhbərimiz İlham Əliyev cənablarına Allah-taaladan xeyir-dualar diləyirik. Duamız budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü bərqərar etsin, gələn ramazan iftarlarımızı doğma Qarabağın ürəyi olan Şuşada açmağı nəsib etsin, inşallah!

Müsəlman qardaş və bacılarımızı mübarək ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını uca rəbbimizdən diləyirik! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!