Zorla fahişəyə çevrilən qadının acı hekayəsi

Zorla fahişəyə çevrilən qadının acı hekayəsi
Xəbərlər
10.09.2017 24
İkimiz də bu dünyaya ayrı-ayrı pəncərədən baxdığımızı hiss edirik.

Deyir ki, bədbəxtliyə düçar olmuş insanların dünyasını gözəgörünməz divarlar, qapılar məhv edir. Bir də “axşamlar pəncərənin dar çərçivəsindən görünən ulduzları seyr edəndə elə bil yenidən doğuluram” söyləyir...

Sevdikləri tərəfindən istismar olunan, fahişəliyə cəlb edilən, dünyanın bütün əzablarını yaşamış bu qadın adını da, soyadını da dəyişib. Yaşam tərzini dəyişdiyi kimi...

Mən də onu yeni adı ilə təqdim edəcəm - Lalə Muradlı. Lalə 1970-ci ildə Bakının məşhur məhəllələrinin birində doğulub. Başına gələnləri virtualaz.org-a danışan bu qadının həyatı dəhşət saçır...

- Lalə, deyirsən ki, atamın yaxşı evi olub. Bəs niyə dar çərçivəli köhnə daxmaya sığınmısan?

- Babam yaxşı vəzifədə işləyib. Bütün ailə atamın günahından pərən-pərən düşüb. Babam öləndən sonra ikimərtəbəli evi ailənin yeganə oğlan övladı olan atamın adına keçib. Təxminən 8 yaşım olardı, atam xəstə bibimin qolundan tutub həyət boyu sürüdü. Sonra bibimi əlillər evinə yerləşdirdilər. Təxminən bir il sonra bibimin orada öldüyünü eşitdik. Bəzən düşünürəm ki, o ev bibimin, nənəmin göz yaşları ilə doludur. Çox keçmədi ki, atamı da həbs etdilər.

- Səbəb?
- Narkotik satırdı. Yadımdadır, atam onu evimizdə köhnə qaz sobasının içində gizlədirdi. Məhəllənin əksər kişiləri həmişə bizdə olurdu. Atam həbs olunandan sonra da evə müxtəlif kişilər gəlirdi. Bir gün dava oldu və ondan sonra anam məni internata qoydu.

- İnternatda böyüdün?
- Hərdən evə də gedirdim. Amma daha çox internatda qalmaq istəyirdim. Çünki məhəllədə heç kim mənimlə oynamaq istəmirdi. İndiki kimi deyildi. Məhəllədə hamı bir-birini tanıyırdı. Deyirdilər ki, atam həbsxanada vərəmə yoluxub. Elə həbsxanadan çıxandan bir az sonra o da öldü. Anam isə ikinci dəfə ərə getdi.

- Və atalıq əlinə düşən ögey qızın ağır taleyi ssenarisi yaşandı, eləmi? Çünki adətən belə olur. Ən azı filmlərdə, romanlarda belə olur...

- Atalığım anamdan cavan idi. İki uşağını atıb bizdə yaşayırdı. Anam o vaxt xəstəxanaların birində işə düzəlmişdi. Atalığım əvvəl mənimlə mehriban rəftar edirdi, amma sonradan... (bu yerə çatanda Lalənin əlləri titrəyir).

- Nə dəyişdi?
- Mənə təcavüz elədi. O vaxt 14 yaşım olardı. Ondan çox qorxurdum, həm də başıma gələnləri anama danışa bilmirdim. Anam da içkiyə qurşanmışdı. Anam işdən gələndən sonra əri ilə arağı qoyurdular qarşılarına, səhərədək kef məclisi düzəldib içirdilər. İşə də qonşuların qorxusundan düzəlmişdi. Tez-tez polisə şikayət edirdilər. Sonra evdən qaçdım.

- Hara getdin?
- Bir oğlanla tanış oldum. Xeyli vaxt idi ki, arxamca gəlirdi. Deyirdi ki, mənə qarşı fikri ciddidir, anasını razı salacaq, evlənəcəyik. O qədər inanmışdım ki...

- Ayrıldınız?
- Vallah, özümə qarşı diqqət, sevgi istəyirdim. İllər boyu yalqız halda, bir küncə sıxılmış vəziyyətdə yaşamışdım. Deyirlər e qızların bir vaxtı olur, hər şeyə inanırlar. Atalığımın elədiklərini də sevdiyim oğlana danışmışdım. Deyirdi ki, bunu unutmağa hazırdır. Atalığımın cəzasını da verəcəkdi. Bir gün dedi ki, səni anamla tanış etmək istəyirəm. Beləcə evinə getdik və...

- Sonra ayrıldınız?
- Yox, o oğlan məni dostlarına təklif elədi.

- Sən də razı oldun?
- Dedi ki, “detdom gözəli”, sən də qazan, mən də. Dedi o cür anadan mələk çıxmayacaq. Bax, onda hiss elədim ki, məni bu çirkabdan xilas edəcək birini illərlə gözləməkdə səhv eləmişəm. O, mənim yaşamağa inamımı qırdı.

- Birgə “işlədinizmi”?
- Yox, amma həyatımda çoxlu insanlar oldu. Hələ bir vaxtlar anamın yanına gələn kişiləri də qəbul etdim. Mənim üçün artıq fərqi yox idi. Etiraf edim ki, indiyədək bərabər olduğum insanlar arasında yeganə olaraq o oğlana və atalığıma nifrət eləmişəm. Çünki hər ikisi məndən, acizliyimdən faydalandı.

- Bəs sonra həyatını necə dəyişdin?
- Türkiyəyə getdim. Orada bir qrup qadınla işləyirdim. İnsanı alçaltmaq var e, bu hissləri ifadə etmək çətindir, bax, mən də elə münasibətlər gördüm. Türkiyədə həyatımın ən dəhşətli anlarını yaşadım. Sonra Azərbaycana qayıtmağıma kömək elədilər. Burada bir təşkilatla tanış oldum. Məni psixoloqa göstərdilər. Amma evimizə qayıtmaq istəmədim. Bir vaxtlar babamın tikdirdiyi o ev indi xarabalığa bənzəyir. Atalığım anamı atıb Rusiyaya gedib. Anam o daxmada tək qalıb. Mən onunla eyni evdə yaşamaq istəmirəm. Bilirsən, nə qədər də artıq bu yoldan qayıtmışam olsam da tanış adamların gözündə fahişə olaraq qalacam. Amma artıq öz gözümdə yüksəlmişəm.

- İndi ibadət edirsən...
- Onu deyirəm də. Bir gün təriqətlərdən birinin üzvü ilə görüşdüm. Dedi ki, insan yeddi ömür keçir, o biri həyatlarında etdiyi pisliklər qarşısına şıxır, yəni mənə karma qanunlarından danışdı. Həyatımı başdan yaşamaq istədim. Ailə qurmaq, ana olmaq iddiasında deyiləm, amma daha fahişəlik etmək də istəmirəm. 8 aydır yeni işə başlamışam. Bu daxma da elə mənim həyatımın bir güzgüsüdür. Bu dar çərçivədən səma aydın görünür, seyr edirəm, axı mən əxlaqsız doğulmamışdım... İçimdə keçmişimi öldürməyə çalışıram. Özümü Tanrının mühakiməsinə vermişəm. Bir insan taleyini mənən öldürmüş insanları isə... çoxdan, lap çoxdan baş vermiş peşmançılıq kimi xatırlayıram...

Jaləскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!