Öz arvadıyla qonşu arvadı səhv saldı - Nələr oldu nələr

Öz arvadıyla qonşu arvadı səhv saldı  - Nələr oldu nələr
Xəbərlər
10.09.2017 12
Qadınlar.biz lent.az-a istinadən İsi Məlikzadənin "Bəhanə" hekayəsini təqdim edir.

Dili dinc dayanmayanlar deyirdilər ki, Şirəli yeni sövdaya düşüb, təzədən evlənmək istəyir. Meyvə-tərəvəz mağazasına müdir keçəndən sonra əlinə artıq pul gəldiyi üçün köhnə arvadı gözündə çox eybəcərləşib. Babalı deyənlərin boynuna. Ancaq, bu sözdə həqiqət var idi. Axır vaxtlar Şirəli arvadı evdən qovmaq üçün onun hər işinə çöp qoyurdu.

Bu gün də o, işdən gələn kimi yemək stolunun arxasında oturcaq, səsinin gur yerinə salıb nərə çəkdi:

- Tez ol də!.. Acından qırıldıq ki!

Mətbəxdəki arvadından cavab almayan Şirəli bir də qışqırmaq istəyəndə, şərikli mənzildə yaşadıqlarını xatırlayıb susdu. Qonşu ilə bir yerdə olmaq Şirəlinin dilini-ağzını bağlamışdı. O, hirslənəndə üfürülmüş futbol topu kimi şişir, ancaq acığını arvadına töküb ürəyini boşalda bilmədiyindən az qalırdı ki, partlasın! "Belə də iş olar?! - deyə söylənirdi - Öz zakonnu arvadımın üstünə ləzzətlə çımxıra bilmirəm, nədi-nədi evdə qonşu var!" Bu gün isə o, səbrini basa bilmədi. "Daha bəsdir, nə vaxta qədər özümü qısacağam? Öz səsimə həsrət qalmışam" - deyə çığırmaq istəyirdi ki, arvadı bozbaş kasasını buğlana-buğlana gətirib stolun üstünə qoydu.

Şirəlinin qaşığı doldurub, ağzına aparmağı ilə təzədən qışqırmağı bir oldu:

- Zəhrimara qalsın! Belə xörəyi görüm ağıya dönsün! Balam, bu qədər qızdırmaq olar? Bir az qazın xodunu ala bilmirdin? - O, qaşığı bir daha doldurub xeyli üfürdükdən sonra hoppultu ilə içdi. Üz-gözünü elə turşutdu ki, guya qarnına bozbaşın suyu yox, "ingilis duzu" getdi. Stulunu qırağa çəkib gözlərini bərəltdi:

- Fikrin nədi?! Deyirsən, yəni mədəm daş bağlasın?! Biz bir kişi kimi bu xarabada ağıllı-başlı xörək yeyəcəyik, ya yox!

- Nə olub ki? - deyə özünü itirmiş arvad sakitcəsinə soruşdu.

- Necə yəni nə olub? Hələ soruşursan da?! Xörəyə bu qədər duz tökərlər? Əşi, deyirlər Şirəli hər şey üçün danışır. Şirəli başına nə daş salsın? Götür bu zəhər kasasını qabağımdan, gözüm görməsin! Səninlə deyiləm?! Tərpənsənə!..

Arvad başını aşağı salıb susur, Şirəli isə dil qəfəsə qoymurdu.

Bu vaxt səs-küyü eşidən qonşu qadın əlində bir boşqab xörək ilə içəri girdi:

- Şirəli qardaş, - dedi - elə mən də bu gün bozbaş bişirmişəm. Sizinki şordursa, bizimkindən ye. Ancaq qanını qaraltma.

Şirəli təəccüblə qonşu arvada baxdı.

- Ye, Şirəli qardaş, mən də sənin bacın, - deyə o, bir də xahiş elədi.

Şirəli zorla gülümsədi, tərəddüd içində qaşığı götürdü... İkicə dəqiqə sonra boşqab boşaldı.

- Bax, bozbaş belə olar. Suyu da, duzu da, istiotu da normalnıdı, -- deyə arvadına eşitdirdi. - Özün bacarmırsan, get qonşudan soruş, öyrən!

Qonşu kasanı bir də doldurdu.

Şirəli onun da axırına çıxdı. Qonşu arvad üçüncü dəfə də irəli gələndə o, əlini qaldırıb dedi:

- Doydum, bacı, çox sağ ol, payın artıq olsun. Ancaq səndən xahiş edirəm, bizim bu fərsiz arvada da belə dadlı bozbaş bişirməyi öyrət. Qoy utanıb yerə girsin! - O, qanlı-qanlı arvadına baxaraq, çox çətinliklə nəfəs alıb əlavə etdi: - Sonra da deyirlər Şirəli hər şey üçün danışır!

- Bəli! Sən bu evə lov salmağa bir bəhanə axtarırsan! - deyə bayaqdan qıraqda sakit dayanmış arvadı bu yerdə dözə bilməyib açıldı. - Elə olmasaydı, sən mənim ayranıma turş deməzdin.

Şirəli xoruzlanıb irəli keçdi:

- Bura bax, aaz! Mənim üçün səsini qaldırma! Sənin ayranın da turşdur, bozbaşın da şor idi. Bozbaşı bu bacı kimi bişirərlər.

Qonşu qadın ucadan qəhqəhə çəkdi:

- Ay Şirəli qardaş, elə mənim sənə gətirdiyim o iki kasa öz arvadının bişirdiyi bozbaşdan idi.

- Hə?! - Şirəliyə sillə vursaydılar belə təsir etməzdi!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!