Hipertonik kriz zamanı ilk tibbi yardım

Hipertonik kriz zamanı ilk tibbi yardım
Hipertoniya xəstəliyinin ağır formalarında xəstələrdə hipertonik kriz (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) formasında fəsadlar baş verə bilər.

Bu çox təhlükəli haldır ki, insultla, infarktla və hətta ölümlə də nəticələnə bilər.

Hipertonik krizlərin baş vermə səbəbləri: psixiki travmalar və həyacanlanmalar, mənfi emosiyalar, havanın (atmosfer təzyiqinin, havanın temperatu və nəmliyinin) kəskin şəkildə dəyişməsi və s. Hipertonik krizlər əksər hallarda, xəstələr özlərini yaxşı hiss etdikləri üçün, arterial təzyiqin endirilməsi üçün əvvəlllər müntəzəm şəkildə qəbul etdikləri dərman preparatlarının qəbulunu dayandırmaları səbəbindən baş verir.

Hipertonik krizin əlamətləri: kəskin baş ağrısı, başgicəllənməsi, ürəkdöyünmə, ürək nahiyəsində ağrıların olması, ürəkbulanma, qusma, görmənin pozulması (gözlərin qarşısında duman və s.), həddindən artıq dərəcədə həyəcanlılıq və ya tormozlanmanın olması, yuxululuq, bəzi hallarda qıcolmalar, huşun itirilməsi.

Hipertonik kriz zamanı ilkin tibbi yardım:
- dərhal “təcili yardım” çağırın;
- “təcili yardım” gələnə qədər xəstəni yatağa uzadaraq ona rahat yarımoturaq vəziyyət verin ki, xəstədə təngnəfəslik inkişaf etməsin;
- xəstənin təzyiqini ölçün;
- xəstəni sakitləşdirməyə çalışın, hərəkət etməyə və danışmağa icazə verməyin, otağa təmiz hava daxil olmasını təmin edin (pencərəni və nəfəsliyi açın);
- nəfəsalmanı çətinləşdirən geyimin düymələrini, kəmərini və s. açın;
- alın, boyun, bilək nahiyələrinə soyuq suda isladılmış dəsmal və ya salfet qoyun, xəstəyə içməyə soyuq su verin;
- yayındırıcı üsullardan istifadə edin - ənsə və baldır nahiyyələrinə xardal kağızı, ayaqların altına isti qrelka qoyun və ya xəstənin ayaqlarını isti suya salın;
- hipertonik kriz ürək nahiyyəsində olan ağrılarla müşayət olunarsa, xəstəyə dilinin altına qoymaq üçün nitroqliserin verin;
- xəstəyə adi günlərdə təzyiqini aşağı salmaq üçün qəbul etdiyi dərmanlar verin;
- əgər xəstə həyəcanlı vəziyyətdə olarsa, ona sakitləşdirici dərman da verin.

Diqqət! Təzyiqin kəskin şəkildə aşağı salması çox təhlükəlidir!
Hipertonik krizin profilaktikası üçün arterial təzyiqi aşağı salan dərman preparatlarını müntəzəm şəkildə qəbul etmək, arterial təzyiqə nəzarət etmək, pəhrizə riayət etmək, gərgin vəziyyətlərdən uzaq olmaq, alkoqollu içkilərin qəbulundan və siqaret çəkilməsindən imtina etmək və s. bu kimi qaydalara (bütün bunlar barədə həkim sizə məlumat verməlidir) əməl etmək lazımdır.скачать dle 11.3
İstinad: saglamolun_az saytı
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!